– Doğrudanmı, bunu özünə yaraşdırırsan?
– Nəyi?
– Doğrudanmı, sən silah işlədib kimi isə öldürə bilərsən?
Sonra Leylanın həm qorxduğu, həm də sevindiyi sözləri dedi:
– Sənə görə mən adam öldürməyə də hazıram.
-Ah, Leyla, kaş biləydin...
-Nəyi biləydim?—Leyla yaxına gəlib anası ilə üz-üzə dayandı. —Mən nəyi bilmirəm?
Anası əlini sinəsinə qoyub köksünü döyəclədi.
-Burda, bilirsən, burda nələr var?!—dedi. Sonra sustaldı, elə bil, qolları yanına düşdü. — Bilmirsən! Bilmirsən sən!
Nana bir dəfə demişdi ki, hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır.
"Bizim kimi qadınların çəkdikləri əzabı xatırlatmaq üçün qayıdır", - Nana deyirdi. "Bax beləcə, başımıza yağan hər şeyi beləcə səbirlə, dözümlə qarşılayırıq".