Can dostum mənə vətən dərdindən danışdı. Mən də dinlədim. Bundan öncə yaşamışdımmı bu hissi, bilmədim. Boşluğa düşdüm. Hər nə qədər yönümü bəlli görsəm də, ellikcə halımız heç bu qədər acıtmırdı. Bu mənim vecsiz xaraktetimdən dolayıdır.
Günün səhəri onun rəfindən bu kitabı seçib oxudum. Oxuduqca nəql edəni dostum sandım. Ya da mənim dostum oxuduqlarını, öyrəndiklərini, bildiklərini əla qavrayıb, özü də düşünüb, müqayisə edib.
Səhifələri keçdikcə ya mən xəyal qururdum, ya heyfisilənirdim, ya öz mənliyimdəm utanırdım, ya da ümidlənirdim.
“–Varmı ideal cəmiyyət? Ağaoğlunun dili ilə desək, “sərbəst insanlar ölkəsi””– deyə soruşanda “var” cavabını aldım.
Var idi. Onlar da əzab-əziyyətli günlərdən keçərək var olublar. Sərbəst insanlar ölkəsinin tarixi kimi onların da gələcəyi qanlı-davalı, iradəli mübarizə ilə qurulub.
Bəs bunun üçün nə qədər zaman lazımdır? 1930cu ildə yazdığı əsərində sanki ötən əsri deyil, indiki dönəmi təsvir edib. Hər şey dəyişir. Əhməd bəyin xəyali ölkəsindəki quruluş qurulsa belə, cəmiyyət buna hazır olacaqmı? İnsan Hüquqlarından çıxış edən bəyin dilədiyi quruluş qurulsa belə, cəmiyyətin fədakarlıq, başqasının pozulan hüququnu özünkü bilmək, bunun üçün mübarizə aparmaq, tələb etmək kimi əsaslardan mən edilmiş olması daha bir əsrə də düzələrmi, görən? İndi belə bir sual çıxır ortaya:
“–… Adam bilmir ki, azadlıq bu meyvələri yetirib, yoxsa meyvələr azadlığı doğurub… Bu məsələ çözülməlidir.”
Mən mədəniyyəti cəmiyyətin cahilliyindən bu əsərlə ayıra bildim. Elə mən də onun içərisindəyəm. Özümə bir Əhməd Ağaoğlu obrazı yüklədim.