Keçən gün anam bizim kasıb kirayə evinə gəlmişdi. Evi ondan fərqli olaraq çox az dağınıq saxladığımız üçün evə keçməyi qəbul etmədi və girişdə məni gözlədi. Keçərli səbəb isə budur ki, içəri girsəm gərək təmizləyim sonra çıxım. Bizim evə isə anam keçid etsə, bir həftə çıxa bilməsi mümkünsüz olduğu üçün bu fikri ilə mən də razılaşdım. Sonra mənim bir-biri ardınca sıraladığım yalanlar başladı. Soruşur ki, nəyin var və nə nəyin əksikdir? Əksikləri de, həll edək.
Deyirəm yağ, makaron, düyü, yumurta, pomidor və s. almışam. Amma bunların əksinə məni evdə bir pomidor və dörd dənə yumurta gözləyir. O dörd yumurtanın ikisini də ev yoldaşlarım sağ olsunlar, sındırıblar. Mən isə mağaza aləmində birinin üstünə beşini qoyub danışıram. Qəribə bir hal idi. Əslində, həyatımda ən son bu pul məsələsi ilə bağlı anamdan utanmadığım qalmışdı, lakin zaman ötdükcə artıq ondan da utanıram. İnsanın yaşı artdıqca qüruru öz bağrına basır. Əvvəllər anam xərclik olaraq beş manat vermir deyə dünyanı dağıdırdım. İndi Allaha yalvarıram ki, pul bitməmiş hər şeyi hiss edib özü atsın. Böyüdüm deyəsən, ya da tamamilə başqa bir şey baş verdi. Hər nə oldusa, hər şey xarakter olaraq yaxşı yöndə, hadisə olaraq tamamilə əksinə davam edir. Bunların bir gün müsbət mövqedə qovuşması diləyilə...