Əsərdə dünyanın, həyatın və insanlığın dəyərlərini qorumaq üçün hər şeyi gözə alan Ninin mübarizə yolundan bəhs olunur. Əsərdəki insanlıq hər daim texnologiyanın onlara verdiklərini az görərək daha çoxuna sahiblənmək istəyir. Lakin, təəssüflər olsun ki, bu axtarış, bu "gözü doymamaq" insanların, insanlığın, yaşıl dünyanın məhvinə səbəb olur. Yazıçı robotlaşmış dünyanın faciəli sonunda belə öz mübarizəsindən əl çəkməyən, ümid və iradəsi bir an sarsılmayan, ağıl və qəlbini öz yoluna məşəl edən qəhrəmanın obrazında dəyərlərin qorunmasının vacibliyinə diqqət çəkir.
Kitab elmi-fantastik janrda olub, uşaq ədəbiyyatına aid olmasına baxmayaraq hər bir yaş kateqoriyasının oxumalı olduğu mövzuya toxunur. Əlbəttə ki, yeni böyüyən uşaqların, gənclərin dünyanın sərvətlərinin, dəyərinin, gözəlliklərinin fərqində olması üçün oxuması daha məqsədə uyğundur. Halbuki unutmaq lazım deyildir ki, dünyanımızı bir çox sahədə məhv edən, gözəlliklərindən aşındıran elə məhz böyüklərdir.
Kitabı oxumağı hər birinizə tövsiyə edirəm, məncə heç bir şey itirməyəcəksiniz, əksinə bu kitabda bir çox dəyərimizə sahib olmalı olduğumuzun fərqinə varacaqsınız.
Hər kəsə xoş və davamlı mütaliələr...