Uşaqlıq dövrünün dostları, - hətta aramızdakı münasibət mükəmməlikdən uzaq olsa belə, - beynimizə kök salıb, ürəyimizə yerləşib. Təzə tapılan dostlar əsla onların yerini tutub bizə onlar qədər doğmalaşa bilməz. Uşaqlıq dostlarımız bizim əsl, yəni uşaqlıq xarakterimizə bələddirlər. Mümkündür ki, zaman keçdikcə bu xarakter dəyişsin, ancaq heç vaxt tamam yoxa çıxmır. Uşaqlıq dostlarımız məhz tanıdıqları bu xarakterimizin köməyi ilə davranışlarımızdakı səmimiliyi daha yaxşı başa düşürlər.
Tanrı insanı rəhmlə, öz surəti kimi gözəl və füsunkar yaratmışdı. Mənim bədənim isə yaradılışların ən iyrənci idi. Mənə ən çox oxşayan birindən də dəfələrlə qorxuncam.
Mükəmməl insan həmişə sakit və dinc əhvalını qoruyub saxlamalı, ehtirası, yaxud hansısa ötəri arzunun sükunəti pozmağına əsla icazə verməməlidir. Fikrimcə, elmə aparan yol da bu qaydadan kənar deyil. Əgər özünüzün həsr etdiyiniz məşğuliyyət sizin sevgi hisslərinizi zəiflədir və saf zövqlərinizdən ləzzət almağınıza əngəl törədirsə, bu məşğuliyyət qeyri-məqbul, qısası, insan təbiətinə ziddir. Əgər bu qayda həmişə gözlənilsə və insan hansısa axtarışın məişət səviyyəsində sevgi hisslərinin stabilliyinə müdaxiləsinə icazə verməsə, Yunanıstan əsarət altına alınmaz, Sezar ölkəsini qoruyub saxlayar, Amerika tədricən kəşf edilər, Meksika və Peru imperatorluqları xarabalığa çevrilməzdi.