Onun sonsuz iztirab və tərəddüdlərinin, məyusluğunun, rüsvaylığının baisi elə bu saxtakar, riyakar, yalançı, müti adamlar, bu küt, ruhsuz tanrılar deyildimi? bir az əvvəl boynuna ilmək keçirib özünü asmaq istəmirdimi? bunun səbəbkarı yalançı, xain bir keşiş olmamışdımı? məgər onların hamısı bir bezin qırağı deyildi? yox, Artur artıq onlardan birdəfəlik əlini üzmüşdü. bundan sonra ağıllı olacaqdı. sadəcə silkinib bu parazitlərdən xilas olmaq, yeni həyata başlamaq lazım idi.
Küçədə adamlar nə qədər şən, nə qədər bəxtiyar idi! Arturun qəlbinin həyat eşqi ilə çağladığı günlərdən bu yana heç nə dəyişməmişdi. Bir ruh məhv olmuşdu, canlı bir adamın ruhu darmadağın olmuşdu, amma həyatın təbii axarında heç nə dəyişməmişdi. Hər şey əvvəlki kimi idi. Fəvvarələrin suyu əvvəlki tək çağlayır, sərçələr elə dünənki kimi damda-bacada cikkildəşirdi - elə dünənki kimi. Artur isə ölmüşdü. Əməlli-başlı ölmüşdü.
“Qadir və mərhəmətli Allah..." - o, uca səslə duaya başladı, amma səsi titrədi, duasının ardını gətirə bilmədi. Dünya o qədər tutqun, mənasız bir mühitə çevrilmişdi ki, dualıq bir şey qalmamışdı. Həm də İsa Məsih bu dərdi necə anlayaydı? O ki heç vaxt belə əzab çəkməmişdi. O sadəcə xəyanət qurbanı olmuşdu. Bolla kimi. Onu heç vaxt aldadıb xəyanətə vadar etməmişdilər.