ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim...
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim...
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim...
Sən məni sevmirsən, mən ki, sevirəm,
Sən həsrət çəkmirsən, mən ki, çəkirəm,
Sənin həsrətini nəzmə çəkirəm,
Ürəyimi boşaldıram qələmnən,
İstəməzdim, şair olum hələ mən...
Gülsün
Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün...
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün...
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün...
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün...
22.05.2015. Bakı.