Kitab, məktəbli bir uşağın gündəliyi şəklində yazılmış və dostluq, vətənpərvərlik, mərhəmət, fədakarlıq kimi dəyərləri aşılamağı hədəfləyir. Hekayə bir tədris ili boyunca davam edir və Enriko məktəbdə dostları, müəllimləri və ailəsi ilə yaşadığı təcrübələri bölüşür.
Əsərdə fərqli sosial təbəqələrdən gələn uşaqların hekayələri yer alır. Bəziləri mehriban və cəsur, digərləri isə eqoist və acımasızdır. Müəllif bu obrazlarla oxucuya insanlıq, əməksevərlik və düzgünlük dəyərlərini çatdırır.
Kitabda "Ayın Hekayəsi" adlanan qısa əhvalatlar da var. Müəllim hər ay uşaqlara bu hekayələri oxuyur. Fərqli ölkələrdən fədakar və cəsur uşaqların həyatını əks etdirən bu hekayələr, vətənpərvərlik, valideyn sevgisi və fədakarlıq kimi mövzuları önə çıxarır.
Kitabda Bəyənmədiyim Cəhətlər: Düşünürəm ki, kitabda uşaqlar üçün uyğun olmayan dərəcədə şiddət və ölüm mövzularına yer verilib. Həmçinin, özünü, dəyərli ideyalar və insanlar uğrunda qurban vermək anlayışı həddindən artıq vurğulanıb. Bundan əlavə, ayların bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməməsi əsərin monotonluğuna səbəb olur. Məncə, bu kitab uşaq ədəbiyyatı kateqoriyasına tam uyğun deyil və 16+ yaş həddi daha uyğun olardı.