Zaman anlayışı çox qəribədir. Keçmiş, indi və gələcək sözlərinin bu qədər primitiv mənalara yükləmək elə bizim ən böyük səhvlərimizdən biridir. Bəs, keçmiş adlandırdığımız şey əslində özlüyündə bir tarixdirmi, ya qurmaca bir hekayəmi?
Müasir dövrümüzün ədəbi dahilərindən biri olan Julian Barnes bir çoxumuza tanış olmasa da, Aqibət Duyğusu onun beyin və düşüncə dünyasını yetərincə izah edən əsərdir. Kitab Toni Uebsterin yeniyetməlik yaşlarından qocalığına kimi keçirdiyi fikir böhranlarını maraqlı bir hadisə ilə harmanlayıb bizə gözəl ədəbi xətt ilə təqdim edir. Əsas hekayə olaraq, Toni Uebsterin çalxantılı keçmişindən sonra, qocalıq illərində aldığı məktubla başlayır. Bu məktub onun əyləncəli məktəb illərini, peşmanlıqla dolu gəncliyini və nisbətən sakit keçmiş yetkinlik çağlarını əhatə edərək Toninin hər şeyə yenidən nəzər salmasına səbəb olur. Barnsın qurduğu hekayə sizi dərindən sarsacaq. Bir məqsəd uğruna davam edən xəttin sonlara yaxın birdən-birə dəyişməsi və final səhnəsi oxuduğum ən yaxşı sonluqlardan biridir. Barnsın xəyal gücünün əksi olan bu həyat hekayəsi sizə nə qədər səmimi və doğma gələ biləcəyini bilmirəm, amma bu kitab həm də həyatla bağlı möhtəşəm fikirlərlə dolu bir fəlsəfə kitabıdır. Fikirlərinizdə inqilab yaşayacağınız bir kitab.
Spoiler
Saniyələrin bizdən dayanmadan ayırdığı keçmiş. Və onu beyinə həkk etməyə çalışan yaddaş. Həmçinin heç kimin gözü ilə görmədiyi, qaliblərin lovğalıqla, məğlubların hüzn hissi ilə yazmış olduğu tarix. Bu üçü arasında həmişə qəribə və qeyri-sabit əlaqə var. Bu əlaqə Toni Uebsterin dilindən çox gözəl təsvir olunur. Hər birimiz, yəqin ki, kimlərəsə həyat hekayəmizi danışmışıq. Kim bu zaman özünün səmimi olmadığını deyə bilər? Əslində bir çoxumuz necə biliriksə, elə də hekayələşdiririk. Amma beyinin qələmə aldığı bu hadisələrdə ona nə qədər güvənə bilərik? Bəlkə, elə saxtakarlıq edən özümüzük? Burada bir qəribəlik var. Beyin keçmişi yaddaşa yazır, yazır və bir yerdə dayanır. Burada narahatlıq var. Bu keçmiş heç də xoşagələn deyil. Bunu azca dəyişsək, kim nə biləcək? Bu, bir tərəfdən insanın öz eqosunu məmnun etmək istəyidir. Yaxşı hadisənin qəhrəmanı, pis hadisənin məsumu olmaq heç də pis olmazdı. Beləliklə, heç xəbərimiz olmadan tarix başqa cür yaşamağa başlayır. Yaddaş qalib olaraq öz lovğalığını, məğlub olaraq öz təsəllisini özünə qatır. Və hər şey bitdi: artıq, yalnışlarla dolu tarixlərlə yaşamağa başlayırıq. İllər keçir, o zamana kimi ki, kimsə çıxaraq sizin tarixinizin ziddinə gedir.
Əsərin ilk hissəsində iki əsas məqam var. Toninin yalnış etdiyini düşündüyü məqamlar yox qədər azdır. Beyin yenə öz işini görüb. İkinci məqam isə daha vacibdir. Toni heç bir hadisəni dəqiq bilməyə-bilməyə hər şeyi əminliklə danışır. Bu iki bir-biri iə bağlı məqam bayaqkı məsələnin Toninin həyatındakı təsirini göstərir. Lakin illər keçir, Veronika çıxır, Adrian ölür, keçmiş sarsılır. Toni artıq çıxılmaz labirintdədir. İllərdir beynində qurduğu mükəmməl tarix artıq istiqamətini itirmiş bir kompas kimidir. Toni isə öz kompasına güvənir. Səhv istiqamətlər və səhv addımlar. Bu kompas yarandığı gündən səhv işləyirdi. Toninin məqsədi qıraqdan hər şeyi həll etmək kimi görünür. Bu labirintdən qurtulmaq. Amma məsələ başqa cürdür. Toni əslində bu labirintdə qalaraq öz keçmişindən qaçır. Üzünə çırpılmaq istəyən əsl tarixdən. Adrianın intiharini öz tarixinə uyğunlaşdırır. Onun məhəbbətini öz yaddaşının əllərinə buraxır. Veronikanın həyatdakı səhvlərini beyni ilə hər detalına kimi yaradır. Bu əminlik duyğusu isə illər keçməsinə baxmayaraq, hələ də insanları günahlandırmağa və öz eqosunu bəsləməyə davam edir. Sadəcə bir həqiqət, kiçik bir fakt bütün hər şeyi dağıtmağa yetəcəkdi. Toni isə nə qədər bu həqiqətdən qaçsa da, onu heç gözləmədiyi yerdə - kiçik bir barda heç tanımadığı insandan öyrənir. Və hər şey qarışır. Böyük qarışıqlıq baş verir. Toninin həyat düşüncələri, ölüm, həyat, peşmanlıq, keçmiş və insanlıq barədə düşüncələrində böyük qarışıqlıq baş verir.
Aqibət duyğusu həyatda baş verən kiçik şeylər haqqındakı böyük fikirlər ilə dolu sarsıdıcı kitabdır. Həyat duyğusunu, yaşama duyğusunu, dahilik və axmaqlıq, xoşbəxtlik və bədbəxtlik, qürur və peşmanlıq duyğusunu ən incə detallarından bəhs edən bir əsərdir. Və aqibət duyğusunu. Aqibət duyğusu həmişə qaranlıqdır, görəsən?