Gönderi

Ölülər Evi
Bu gün sən öldün bəlkə də dünən əmin deyiləm. Ölü bədənin taxta döşəmənin üzərində yatır. Mənsə solğun şam işığının aydınlandırdığı bu ruhsuz otaqda sənin ruhsuz bədəninə tamaşa edirəm. Solğun üzünə baxdıqca sənə olan tiksintim və nifrətim daha da artır. Varlığından iyrəndiyim qədər hətta daha da dəhşətli şəkildə yoxluğundan da iyrənirəm. Sənə baxıram, dodağının kənarında donub qalmış gülümsəmənə, quru taxta parçası kimi iki yanında dayanan qollarına, yarı açıq ağzına bütün bunlar qəlbimdə sənə qarşı  mərhəmət yaratmır əksinə sənə olan qəzəbimi daha da şiddətləndirir. Bir az sonra bu ölü kütlədən sonsuza qədər xilas olacam. Səni məzarlığın ən qaranlıq, ən kimsəsiz yerində basdıracam, sonra da məzarına tüpürəcəm. Yox olacaqsan, əbədiyyən yox olacaqsan.  Ancaq bütün bunlar, sənin Ölümün mənə dinclik vermir,sevinc vermir. Kədər, kədər ancaq kədər. Yox, yox lənət olsun! Axı nə biləydim ki, ən böyük xoşbəxtliklər ən böyük bədbəxtliklərin başlanğıcıdır. Torpağın altında çürüsən belə, evimin ruhsuz divarlarında, qəlbimin ən məhrəm yerlərində izlərin hələ də yaşamağa davam edəcək. Bu otaqda sən və mən varıq. Bəs şam? O əriyir demək ki sona çatırıq, artıq hər şey bitir, hər şey. Artıq zaman yetişir.  Sənə yaxınlaşıram, quru taxtaya bənzəyən qollarından yapışıram,  bu dəfə daha diqqətlə baxıram üzünə, artıq şam da yanmır. Qəribədir, qaranlıqda daha aydın görürəm üzünü, solğun cizgilərini. Bütün varlığımla səndən iyrənirəm, çünkü bütün varlığımla bu cansız varlığa bağlı olduğumu bilirəm. Sənin ölü cəsədini məzarlığa daşıyacaq qədər güclüyəm. Layiq olduğunu verirəm sənə qollarından tutub, qaranlıq və kimsəsiz yollarda, süreyərək aparıram tənha məzarlığa. Çirkaba batır çirkab bədənin. Çirkab içində boğul istəyirəm. Kaş ki, bu ağrıları duyan ruhun olsaydı, mənə yalvarsaydın, ayaqlarıma qapansaydın, əzab çəksəydin, gözlərindəki qorxunu görsəydim. Mən də boğuq bir qəhqəhə çəkib tüpürsəydim üzünə. Lənət olsun sənə! Sənə və səndən olan hər şeyə! Nəhayət gəldik, bax iyrənc kütlə bura sənin yeni evindir! Artıq burda çürüyəcəksən, həşəratlardan başqa ziyarətçin olmayacaq! Sonsuza qədər unudulacaqsan! Sən unudulmağa məhkumsan! Bax bu boş məzar sənin üçündür. Sən mənə hər dəfə əzab verdikcə bura gəlib sənin üçün qazdım o məzarı. Öləcəyin günü gözlədim səbrlə və inamla.  Sənə çata bilmədim, sən sürətləndikcə mən kiçildim. Bunun üçün yox ol istədim. Üzərinə atdığım hər ovuc torpaqda itsin izlərin. Sənsiz olum istədim. Budur o gün. Bəs hanı sevinclərim? bu zülmət qaranlıqda görünmür axı heç nə. Dodağının kənarına ilişib-qalan donmuş gülümsəmə nədir bəs?  Sevinc? Qəhqəhə? Yoxsa kədərli bir həya?... Buradayam sənin məzarının başında. Bura qaranlıqdır qorxuram, soyuqdur üşüyürəm. İşığı həsrətlə axtarır qəlbim. Çünki sən öldün, səndəki mən məndəki sən də...
·
1.141 görüntüleme
Sənan okurunun profil resmi
Çox gözəldi👍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.