Gönderi

Bu gonbul yer kürəsinin düz 4 milyarddan çox yaşı var. 4 milyard. Zarafat deyil, adi adamlar milyonlarla, milyardlarla işləri olmadıqları üçün rəqəmin böyüklüyünü dərk etməkdə çətinlik çəkə bilərlər. Dörd milyard çoxdur. Dörd milyard olmaq üçün gərək əvvəlcə 1 olasan, sonra 100 olasan, sonra 1000 olasan, sonra milyon, sonra bir milyon, 35 milyon, 87 milyon, 150 milyon, 453 milyon, sonra 900 milyon, sonra 999 milyon, sonra 1 milyard olasan, sonra 2 milyard, 3 milyard, nəhayət, 4 milyard olasan. Asan məsələ deyil, hələ mən üç sətir yazdım, yoruldum. Bu rəqəmlər hamısı gündür, aydır, ildir, zamandır. 4 milyard il çox ciddi rəqəmdir. Allah bilir, biz nə bilək. Bəlkə, daha çoxdur. Amma elmə məlum olan rəqəm hələ ki, belədir. Dörd milyardın içində nə qədər milyon var, nə qədər min var, onu da hesablasaq taparıq. Amma oxucularımıza bu qədər əziyyət vermək olmaz. Məncə, kifayət qədər aydın oldu ki, 4 milyard nə boyda vaxtdır. Bu boyda zamandan necə olubsa, bizim də payımıza balaca bir hissə düşüb. 5 il, 20 il, 50 il, 70 il qoparda bilmişik. Qopartmaya da bilərdik, təsadüfi adamlarıq, sözüm onda yox. Bu nəhəng zamanda bizə də bekara 5-10 il yaşamaq haqqı verilib. Yekə-yekə illər keçib, nə qədər canlı yaranıb, məhv olub, nə qədər dağ aşınıb, nə qədər çay quruyub, nə qədər dəniz yaranıb, nə qədər yeni canlı təkamül edib, peyda olub, nə qədər müharibə, nə qədər səhvlər, düzlər. Bir sözlə, fısqırıq. Bu hadisələri şüurla dərk və hiss etmək mümkün olan iş deyil. Gərək oxuyub keçəsən, üzərində dayanmayasan. Üzərində dayansan, dərk etməyə çalışsan, bataqlıqda boğulan adam kimi olarsan. Deyirlər axı, bataqlıqda adam nə qədər çox hərəkət eləsə o qədər dərinə batır. Düz söhbətdir. Mənim başıma gəlib. Bataqlıqda boğulmasam da, başqa hadisələrdə müşahidə etmişəm. Gərək qaşıyıb-qaşıyıb qan çıxarmayasan. Hər şeyi çox da ciddi qəbul etməyəsən.
·
320 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.