7/10
·408 syf.··
Beğendi
·
2023 8. kitabı
" Hafizə etibar olunası hadisə deyil, bu baxımdan əlinizdəki kitab öz keçmişinin əhəmiyyətini dərk edən biri üçün əsl xilasdır." "Divandakı yalançı", "Nitsşe ağlayanda" və "Şopenhauer dərman kimi" kitabları ilə qələminin gücünü nümayiş etdirən və yazar kimi özünü təsdiq etmiş populyar psixoloq İrvin D. Yalom "Mən necə özüm oldum" (Becoming myself) kitabı ilə öz həyatının ən vacib məqamlarını əks etdirib. Bu memuar sayəsində psixoloqun uşaqlıq xatirələrinə yol tapa bilirik. Beləliklə, İrvinin zamanla həm insan kimi, həm də psixoloq kimi inkişaf yolunu özü ilə birlikdə analiz edirik. Kitabın ilkin qədəmlərində Yalomun anası ilə bağlı xatirələrini və onunla bağlı sərt fikirlərini, sona doğru isə yaşlanmış və həyatda təcrübə qazanmış ahıl Yalomun anasını getdikcə daha çox anlamağa başlamasını müşahidə edirik. Anası ilə bağlı sərt düşüncələrindən utanan və özünü tam tərəfsiz şəkildə müzakirə edən psixoloqun səmimiyyətini hiss etməmək mümkün deyildi. Atasının var və yox arası şəxsiyyətə sahib olması İrvini narahat edirdi və xatirələrində anasına nisbətdə daha az yer alırdı. Kitabı oxuyarkən ən sevdiyim və bir insan olaraq rəğbət bəslədiyim, Yalomun həyat yoldaşı Merilinə qarşı olan sevgisi və heyranlığı idi. Hətta övladları da bildirir ki, atası və anası onları çox sevsələr belə, hər zaman öz aralarında olan sevgini bir pillə daha üstün tutublar. Düşünürəm ki, məhz buna görə cütlük uzun illər birlikdə qalmış və fərqliliklərinə rəğmən bir-birlərini sevməyə davam etmişlər. " Mən Merilinlə altmış üç ildir evliyəm və çox yaxşı həyat yoldaşım olduğuna görə öz taleyimə minnətdarlıq etmədiyim gün az olur. Ancaq mən elə hər dəfə başqa insanlara dediyim kimi, münasibəti axtarmırlar, münasibəti qururlar. Bütün onilliklər ərzində hər ikimiz bu gün malik olduğumuz nikaha sahib olmaq üçün səylə çalışmışıq. Məndə keçmiş şikayətlərimdən indi iz də qalmayıb. Merilinin azsaylı çatışmazlıqlarını qəbul etməyə öyrənmişəm: onun yemək bişirməyə, idman oyunlarına, velosiped gəzintisinə, elmi fantastikaya və ümumiyyətlə, elmin özünə olan laqeydliyi, biganəliyi, narazı qalmağıma səbəb olacaq bu məqamlar o qədər əhəmiyyətsizdir ki... Mən özümü Qərb mədəniyyətinin canlı ensiklopediyası ilə birgə yaşamaqla bəxti gətirmiş bəxtəvər kimi hiss edirəm. Mənim ensiklopediyam axtardığım bütün tarixi və ya ədəbi mövzuda olan cavabı ani vermək qabiliyyətinə malikdir. Merilin də mənim çatışmazlıqlarıma barmaqarası baxmağı öyrənib, mənim daha heç zaman düzəlməyəcək pintiliyimə, qalstuk geyinməməyimə, yeniyetmə kimi motosiklet və kabriolet marağıma, həmçinin qabyuyan və paltaryuyan maşınlardan yalandan istifadə edə bilməməyimə göz yumur. Biz elə bir qarşılıqlı anlayışa nail olmuşuq ki, mən bu haqda heç gənc, impulsiv və çox da həssas olmayan sevgili çağlarımda təsəvvür də edə bilməzdim. " " İndi mən geriyə baxanda çox az şeyə görə peşman oluram. Bütün həyatım boyu yanımda çox dəyanətli qadın olub və bu gün də var. " Yalomun psixiatr kimi bu sahəyə olan sevgisi, hər zaman inkişaf etməyə çalışması və hətta bu yaşına qədər hələ də pasiyent qəbul etməsi heyrətamiz idi. O, hələ də insanların ona doğru gəlməsinə və ona ehtiyac duymasına inana bilmir, lakin eyni zamanda da insanlara yardım edə bilmək gücünə sahib olmasını da inkar edə bilmir. Məşhurluq və uğur eqosunu oxşasa da, sadəliyini qoruya bilmək üçün çalışır. İrvin D. Yalom həm də bir insan olaraq ölüm barədə olan qorxularından səmimi şəkildə bəhs edir. Uzun illər ölüm yatağında olan pasiyentlərinə ölüm haqqında verdiyi təskinliyə, məsləhətlərə rəğmən, hələ də ölümə qarşı olan qorxusunun qaldığı gerçəyi ilə üzləşməsi atasının, anasının və uzun illər sonra bacısının rəhmətə getməsi ilə təkrarlanır. Yolun sonuna gəldikcə, uzun illərdir dostluq etdiyi, qrup terapiyalarında iyirmi ilə yaxın müddət ünsiyyətdə olduğu insanları itirdikcə, savadlı dostlarının demensiya səbəbi ilə qrupu tərk etməsi ilə növbənin ona doğru gəlməsini və küncə sıxılmışlığını o qədər gözəl şəkildə təsvir edir ki, zamanın və insanların əllərimiz arasından axıb getdiyini bizə bir daha xatırladır. Eyni zamanda uşaqlıq və gənclik illərindəki zirək İrvinin ahıl yaşlarında getdikcə yaddaşını itirməsinə, pasiyentlərini, ən sevdiyi kitabları, müəllifləri unutmasına və unutqanlıq səbəbindən yaşadığı kiçik hadisələrə şahid olduqca qocalığa heç özümün də hazır olmadığını hiss etdim. Ümumiyyətlə, həqiqətən də kitab, bizi həm də öz həyatımız barədə düşünməyə, özümüzə doğru baxmağa və həyatımızı analiz etməyimizə yönəldir. Marağı olanlar üçün məsləhətlidir. Hər birinizə xoş mütaliələr diləyirəm!
Psikoloji
Bir Psikiyatristin AnılarıIrvin D. Yalom · Pegasus Yayınevi · 20174,869 okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.