" Martin axşam hamıdan axırda öz kayutuna endi, lakin gecədən xeyli keçdiyinə baxmayaraq, yuxuya gedə bilmədi. Həyatın əlindən dincəlmək üçün yeganə vasitə artıq təsir gücünü itirmişdi. Bu isə lap böyük dərd idi! O, işığı yandırdı və bir kitab götürdü. Bu, Suinbernin şeirlər kitabı idi. Martin bir müddət kitabı vərəqlədi və birdən maraqla oxuduğunu sezdi. O, şeiri axıra kimi oxudu, gerisini də oxumağa başladı, lakin yenə oxuyub qurtardığı şeirin üzərinə qayıtdı. O, nəhayət, kitabı öz sinəsi üstünə salıb fikrə getdi. Hə! Özüdür! Mənə olan şeydir! Qəribədir ki, əvvəllər bu mənim bir dəfə də olsun ağlıma gəlməmişdir. Bu hər şeyin açarı idi, o, həmişə qeyri-ixtiyari olaraq bu açara doğru gəlmişdi, indi isə Suinbern ona ən yaxşı çıxış yolu göstərdi. Martinə dincəlmək lazımdır, dinclik isə onu gözləyirdi.
Martin kitabı sinəsindən götürdü və yavaş-yavaş, ucadan bu sətirləri oxudu:
Nə var ki, ürək,
Gec, ya tez, əbədi susan ürəkdir!...
Bəli, buna görə tanrılara şükür eləməyin yeri var. Bu onların dünyada gördükləri yeganə xeyirli bir işdir! Həyat işgəncə və əzaba çevrildiyi zaman, əbədi yuxuya dalıb ondan xilas nə qədər də asandır!
Nəyi gözləyirsən? Vaxtdır.
.... O, əlləri və ayaqlarının necə qıc olduğunu duyaraq getdikcə dərinlərə dalırdı. O, başa düşürdü ki, suların çox dərin yerindədir. Onun qulaqlarının pərdələri təzyiqdən ağrıyaraq az qala partlayacaqdı, beyni isə elə bil, parçalanıb dağılırdı. O, iradəsinin ağlasığmaz bir gücü bahasına özünü suyun daha dərinliklərinə dalmağa məcbur etdi, o vaxta kimi dərinliklərə getdi ki, axırda bütün hava birdən-birə fışqırıb onun ciyərlərindən çıxdı. Hava qovuqları sürüşüb onun yanaqlarından və gözlərindən keçdi və sürətlə suyun üzərinə doğru getdi. Onda boğulmanın verdiyi əzablar başlandı. Lakin Martin öz sönən zəkası ilə başa