Gönderi

10/10
·420 syf.··
Beğendi
·
2022 12. kitabı
Uzun zamandır axtarışında olduğum "güclü qadın" obrazını mənə hədiyyə edən bir kitab. Sadəcə iki günə oxuyub bitirdiyim bu kitab o qədər axıcı idi ki, gecəni səhərə kimi iki gecə yatmayıb dayanmadan oxudum. 16 yaşlı bir qızın həyatının hər anından bəhs edən kitab mənə həm sevinc, həm kədər, həm də nifrət duyğularını yaşatdı. Məsumə o qədər saf, o qədər məsum idi ki, ilk sevgisinin necə baş verdiyini belə anlamamışdı. İlk baxışda Səidə aşiq olan Məsumə qardaşları Ehməd, Eli və Mahmud tərəfindən ölənə qədər döyülür və qardaşı Ehməd onun sevdiyi oğlanı bıçaqlayır. Huşunu itirən qız ayılanda isə artıq çox gec idi. İndi o, həm təhsil almaqdan, həm də gələcək arzularından məhrum olmuşdu. Qardaşları tərəfindən üzünü görmədiyi bir oğlana zorla ərə verilən Məsumə intihar etməyə cəhd göstərsə də bacarmır. O, hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür… Başını inqilab ilə pozan əri nə Məsuməyə, nə də övladlarına qayğı göstərmir, aylarla evə gəlməyən həyat yoldaşından əlini üzən Məsumə hər dəfə ona hirslənir, nifrət edirdi, amma onun üçün narahat olmaqdan da imtina edə bilmir. İllər ötdükcə ərini ikinci dəfə həbsxanada tapan Məsumə elə onu orda da itirir. Eyni gündə həm əri, həm qayınatası ölən Məsumə öz atasını da təzəlikcə itirdiyi üçün arxa-dayaqsız qalır. Qardaşları onun və oğullarının ayağının altını qazarkən Məsumə öz anasının sevimli oğullarının qeyrətsizliyinə bir daha nifrət edir. Üç övladını min bir əziyyətlə böyüdən Məsumə müharibənin ən qaynar çağında oğlunu əsgər göndərməli olur. Bütün dərdləri üst-üstə gələn Məsumənin həyatı paramparça olur. Hər şey bitdikdən sonra isə ilk eşqi Səid ilə qarşılaşan Məsumə indi qərar verməli idi: ya onunla ailə qurub tənhalığa əlvida deyəcəkdi, ya da övladlarına görə ondan imtina edəcəkdi. Bir qızın həyatının hər dövründən bəhs edən kitab oxuduğum ən yaxşı kitablardan biri idi. Geri düşüncəli bir cəmiyyətdə qız doğulmaq, yaşamaq və mübarizə aparmaq o qədər çətindir ki...
Hayat ve İnsan
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,402 okunma
·
205 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.