Gönderi

"Bu gün qardaşım öldü. Bəlkə də, dünən ölüb, bilmirəm. Əmim zəng etmişdi, "Qardaşın vəfat etdi. Dəfn bu gündür." Baş açmaq olmur, bəlkə də, elə dünən ölüb..." Bu sətirləri üç il əvvəl, 13 dekabr günü, Kürdəmirə aparan maşında yazmışdım. Bunu hansı vəziyyətdə yazdığımı unutmuşam, amma hansı düşüncə ilə yazdığım hələ də yadımdadır. Qardaşımın ən sevdiyi və demək olar, hər yerə özü ilə apardığı, hətta baş obrazını mənə bənzətdiyi "Yad" romanının ilk cümlələrinə göndərmə etmişdim. Bu arada, həmin kitab da onun hekayələr yazdığı dəftər kimi yerli-dibli yoxa çıxmışdı. Bu balaca, ilk baxışdan mənə mənasız görünən kitaba pul verdiyi üçün onu qınayırdım, o isə "Oxuyarsan bunu, Rama, özünü tapacaqsan" deyib dururdu. Kitabı tapa bilməyincə, yalnız keçən ilin yayında təzəsini alıb oxuya bilmişdim. Məncə, bənzətmədə yanılmışdı; bu məsələdə haqlı ola bilməzdi, çünki mən nihilist deyiləm. Yenə də bu bənzətməni nəyə əsasən etdiyini tam anlamış deyiləm, amma onun bənzətmələrdə nadir hallarda yanıldığı faktı məni daha da düşündürür. Heyif, kaş vaxtında özündən soruşardım... Kitabda altını xətlədiyim bir abzas var: "Bəli, mənim inamdan başqa heç nəyim yoxdur. Lakin bu inamı məndən heç kəs ala bilməz, necə ki, məni ondan ayırmaq olmaz." Təxminən bir il əvvəl sinəmə döyə-döyə deyirdim: "Bütün aləm birləşsə belə, o - daxilimdəki inam və arzularımı, əlimdən alınmayacağı təqdirdə məni məhv edə bilməz..." İnsanları da iki yerə bölürdüm; bunun sayəsində yaşayanlar və bunun uğrunda ölməyi göz önünə alanlar. İndi isə üçüncü qismi də ayırıram - bunun uğrunda yaşayanlar. İttihamlardan çox qorxuram, çünki özümü onlardan necə müdafiə edəcəyimi bilmirəm. Bu, bəlkə də, zəiflik əlamətidir, onsuz da heç bir yerdə güclü olduğumu dilə gətirib öyünməmişəm. İttihamlara gəldikdə, onlar əksərən haqsız olurlar, amma mən onların qarşısında susur və geri çəkilirəm. Bəlkə də, bu məsələdə atama oxşamışam. Yeri gəlmişkən, mən də nə vaxtsa, Kafka kimi ona məktublar yazacağam. Amma bu məktubat ittihamlardan çox etirafları özündə cəmləyəcək. Onu həmişə qorxaqlıqda, zəiflikdə günahlandırmışam. Hətta son aylar baş verən hadisələrdə bu özünü daha qabarıq göstərirdi. Bəlkə.. Bəlkə bu, qorxaqlıq da deyil... Axı mən qorxaq deyiləm. Mən bəzi məsələlərdə zəif davrana bilərəm, amma qorxaq deyiləm. Rizvanda da qorxaqlıqdan əsər-əlamət yox idi... Əgər o qorxaq olsaydı, biz də ona oxşamalı idik. Bu, qorxaqlıq deyil. Bəlkə də, qorxaqlıqdır, amma bu qorxaqlığın onun özü ilə əlaqəsi yoxdur: o bizdən ötrü qorxur, əlində itirəcəyi şeylər olduğu üçün qorxur.. Kim bilir, mən də o yaşa çatdıqda və mənim də ailəm, övladlarım olduqda bəzi məqamlarda geri addım atacağam. Hansısa kitabdan oxumuşdum; insan yalnız itirəcəyi bir şey olmayanda heç nədən qorxmur. Hə, əlimdəki hər şey üçün ona borcluyam, amma bəzən düşünürəm ki, ona qarşı çox haqsızlıqlar etmişəm. Bəlkə nə vaxtsa ondan üzr istəyəcəm, səmimi qəlbdən onu anladığımı söyləyəcəm. Bəzən isə tənhalığa çəkilib özümə qarşı müharibə elan edirəm. O müharibənin sonunda qalib tərəf olmur, hər yan leş iyi verən düşüncələrlə qalaqlanır və nə vaxtsa yenə əlimə təklik düşəndə bu proses təkrarlanır. Vəziyyət elə bir həddə çatıb ki, geriyə dönüb yalnız yandırılmış körpü görürəm. Bu yolun geridönüşü yoxdur. İtirdiklərimə gəldikdə... Bu tamam ayrı mövzudur, buna görə qətiyyən peşman deyiləm. İdeyalarına sarılan və əlində bundan daha daimi nəsə olmayan insanların ortaq taleyidir bu. Yeri gəlmişkən, məndən zəhləsi gedən insan çoxdur. Hətta bu yaxınlarda bu barədə düşünüb gülümsəyərək yarızarafatla demişdim: "Hər iki halda da şübhəqarışıq nifrətlə yanaşırlar sənə: harada göt görsən, sabunlanıb girəndə də, yaltaqlığa və yaltaqlara nifrət edib əyilməz obraz yaradanda da. Gərək orta yolu tutasan, o da ki bu ölkədə mümkün deyil." Sonra özümə sual etdim. Mən, həqiqətən mi, əyilməz obrazam? Məni əymək nə qədər çətindir və ya nə qədər asandır? Azərbaycan cəmiyyətində hara qədər əyilməz qala bilərsən? Bu sualın cavabı öz-özünə gəldi: "Onların diqqətini özünə çəkənə qədər." Bağışla məni, Rizvan, daha artıq yaza bilmirəm. Mən heç vaxt sənin kimi yaza bilməyəcəyəm. Amma, bəlkə, nə vaxtsa mənə bir gün də olsun rahatlıq verməyən hissləri qələmə alacağam. O gün uzaqda deyil. Qaranlığın birdəfəlik yox olduğu gündə... İmza: Yad
·
1.322 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.