Gönderi

3/10
·96 syf.··
2023 8. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Aralık 2023 19:35
Uzun müddətdir ki incələmə yazmıram. Düzü yazmaq fikrim də yox idi. Ta ki bu kitabı oxuyub gecə yata bilməyənədək.. Qadın, azadlığı, görünüşü, deyimi, demək olar ki bunlar haqqında hər şey deyilib. Artıq bu mövzular haqqında nəsə eşitdikdə sadəcə içimdə əsəbiləşib şiddətlə bezirəm. Əlimdə olsa insanların yadından bu mövzuları çıxardaram. Söylənmiş bütün cümlələr anlamsızdır. Amma yazıçının yaşadığı zamanı nəzərə alsaq, bu mövzular həmin zaman üçün aktuallığını qoruyur. Anlayışlar & Fikirlər: Kitabın qısa məzmununa baxsaq bir kişi tərəfindən məcazi və ya gerçək anlamda evə həbs olmuş bir qadın və onu ortalığa çıxarmaq istəyən və özünü azad hesab edən başqa bir qadın var. Düzü kitabı almazdan qabaq əsəri qüvvətli zənn edirdim. Hətta oxuduqda bəzi yerlərdə həqiqətən də güclü əsərdir deyirdim. Lakin Cəfər Cabbarlının da qadın azadlığını soyunmaqda və istədiyini etmə arzusunda düşündüyünü gördükdən sonra yenə əsəblə qarışıq bezmə hissi gəldi. Kitabdan gözləntim, Azərbaycan ədəbiyyatının güclü qadın obrazı ilə qarşılaşacağım idi, nəticə isə mənasız düşüncələr oldu. Sevil obrazının özünü azadlığa çıxdığını zənn etdikdən sonra Balaşla danışığı başdan-ayağa gülünc cümlələr idi. Kitabın ən məşhur sitatlarından olan "Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür." cümləsi bəlkə də işlənəcək ən son məqamda özünü göstərib. Bir qadının fahişəlik edib, hər cür əxlaqsızlığa əl atdıqdan sonra, birisinin onu əxlaqsız, namussuz adlandırmasının üzərinə belə bir cümlə yazmaq, üzrlü sayın amma, uşaqca belə deyil. Düşünün ki, bir insan başqasını öldürür və başqa bir nəfər ona vicdansız deyir. Həmin qatil isə "Vicdan! Ha... ha... Nədir vicdan?.. Yalnız başqasını öldürənlərin daşıyacağı bir yükdür." deyir. Bu qədər mənasızdır. Yanlış anlaşılmasın sitatın özü çox dəyərlidir, özüm də oxuduqda bəyənib paylaşmışdım, bu gün belə namus dedikdə tək qadının ağla gəlməsi əslində bu cümlələrin nə qədər dəyərli olduğunu göstərir. Lakin, bu sitatın işlənmə yeri qətiyyən bura deyil. Nədir bu azadlıq: Tənqid edəcəyim bir neçə məqam var. 1 - Niyə yazıçıya görə qadının azad olması demək onun işləməsi, hicabını çıxarması, çölə çıxması, kişilərlər öpüşüb görüşməsi və ya içki içməsidir? Qadın bunları etmək məcburundadırmı? Bəlkə o evində sadəcə övladlarına baxmaq istəyir, işləməklə heç arası yoxdur və sadəcə yoldaşı ilə münasibəti ona yetir. Təəssüf ki bəzi insanlar bunun bir söz oyunu olduğunu və əslində yazıçının bu şəkildə davranan qadınları da tənqid etdiyini deyir. Bəs niyə o zamanlar bu tamaşanı teatrda izləyən qadınlar hicab geyinməkdən imtina edib? 2 - Yazıçının qaçırdığı məqam odur ki, burda qadına azadlıq gətirmək onun yuvasını yıxmaq, çölə çıxarmaq, işlətmək kimi ucuz məsələlər deyil. Əlbəttə bir qadın istəyərsə bunları edər, haqqı var, lakin burda məsələ fərqlidir. Burda böyük yanlış Balaşda, yəni Sevilin yoldaşındadır. Onun etdiyi ağılsızlığı o bir şeylər qazanaraq düzəltməlidir. Burda qadının dəyişməsi çox mənasız bir şey olub. Böyük dəyişimi yaşamalı olan Balaş olmalı idi. Əlbəttə Sevil də insan arasına qarışmalı və təhsil almalıdır, ona da qarşı deyildim. Hətta Sevilin ayrılma istəyi belə yetərincə normal idi. Sadəcə anlamaq olmur, yazıçı böyüdülmüş, ilahlaşdırılmış kişi obrazını insan vəziyyətinə gətirmək yerinə, onu yerin dibinə soxub və bu səfər eyni absürdlüyü qadına edib. Axı arada nə fərq qaldı? Yenə eyni yerə dolanıb gəlmədimi məsələ? Əvvəl kişi qadını alçaldırdı, sonra da qadın kişini alçaltdı. Nəticə və Son: Qəbul edək etməyək, inanaq inanmayaq. Azadlıq demək, hər istədiyini etmə arzusu, istəyi deyil. Azadlıq, insanın sərhədlərini bilib ona uyğun hərəkət etməsidir. Bu gün həm feminizmin gətirdiyi kişisiz qadın, həm də alfalıq, red pill adı ilə insanları zəhərləyən mənasız fikirlərin verdiyi qadınsız kişi ideyaları yalnız başıboşluqdan, toxunulmuş qürurdan başqa bir şey deyil. Qadın da, kişi də, bilməlidir ki, bir-birlərinə ehtiyacları var və ona uyğun gələcəkdə həyat qurmalıdırlar. Bu istər həyatın, istər təkamülün, istər Allahın qanunu olsun, sadəcə gerçəkdir. Kitaba xalım 3-dür. Bunun səbəbi isə həm kitabın analizlərinin qüvvətli olması, həm də yazıçının həmin zəmanəyə baxmayaraq fikirlərini cəsurca ifadə etməsi olub. Qarşı olsam belə, fikir fikirdir. Doğrusuyla yanlışıyla. Qısaca, azad olmaq istəyən həyatını sorğulasın, sərhədlərini bilsin və əlindəkilərə uyğun hərəkətlər etsin. Namus hər kəsindir, azadlıq da. Əsas odur ki onu anlayan və əksini bizə qarşı silah olaraq istifadə etməyən insanlarla bir olaq.
Edebiyat
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020615 okunma
·
1 +1'leme
·
554 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.