·80 syf.··Beğendi
···Okunma: 15 Aralık 2023 22:16 Diqqət: Spoiler var!
Günlərlə stolumun üzərində oxunmağı gözləyən kitaba başladım. Cəfər Cabbarlıdan sonra niyəsə başqa bir milli yazıçıya çox da ümidli deyildim. Kitabın səhifəsi də az idi. Düzü önyargı ilə başlamadım, hətta oxumağa bir az da olsa həvəsim var idi. Və başladım..
Kitabın arxa qapağında və ilk səhifələrində təəssüf ki bütün ardıcıllıq yazılıb. Nəşriyyat evi, belə bir şeyə niyə icazə verib onu heç anlamadım. Mənasız qıcıq edici bir şey olub. Oraları tam oxumadan keçdim.
Kitabın səhifə sayı az olduğu üçün qüvvətli olacağını gözləmirdim. Lakin gözləmədiyim dərəcədə məni sarsdı. Dostoyevskinin "ağlaya bilmədim, amma içim paramparça idi," dediyi nöqtədə idim tam olaraq. O qədər möhtəşəm əsər idi ki.. Oğlunu 1 il gözləyən ananın ən sonda onun qanlı bədəni ilə qarşılaşması, onun fəryadları zənn etdiyimdən çox təsirli idi. Oğlunun qatilinin kim olduğunu bilməyən ana yardım istəyən bir oğlana evində əl uzadır, onu himayəsinə alır və daha sonra elə bu oğlanın övladının qatili olduğunun fərqinə varır. Məsələ də burdan sonra başlayır..
Bunu bilən ana bütün acısını öz içində gizlədərək ondan yardım istəyən qonaqdan intiqam almır, onu buraxır. Lakin ana fəryadını içərisində də gizləyə bilmir:
"Açıl, yarıl, parçalan, ey alçaq yer!
Yarıl! Bu talesizi çək qərinə!
Bəndə artıq təhəmmül yoq qəhrinə!
Yalnız bir pənahım, bir oğlum varkən,
Qanlı torpaq! Ayırdın onu bəndən.
Ya rəbb, ədalət! Bəni öldür, qurtar!
Hər yer bana zindan kibi oldu tar."
Bundan sonra qatilin evdən çıxıb öldürdüyü oğlanı və oğlanın nişanlısının, anasının vəziyyətini görməsi sonrası, dediyi cümlələr də çox fərqli təsir bağışladı..
"Yaşatma, öldür, ana! Bəncə hala,
Billah, gəbərmək yaşamaqdan evla."
Lakin ananın həm qismətə təslim olması, həm də artıq övladını nəyinsə qurtarmayacağını bilməsi onu əlacsız buraxır:
"Bir də hər nə yapsam bu dərdi silməz,
Məhv olsa aləm, Qanpolad dirilməz."
Bəlkə də əsəri mənim üçün daha emosional edən yaxın zamanda tanıdığım bir qadının oğlunu itirməsi olub. Fəryaddan səsi tutulan, ağlamaqdan gözləri şişən o ananı görməyim, övlad acısını və öz övladının qatilini belə bağışlayan ana cəsarətini anlamağıma daha çox kömək oldu. Kitabda da qeyd edildiyi kimi: "Övlad qatilini bağışlayan Ana təkcə Azərbaycan yox, bütün dünya ədəbiyyatı üçün bənzərsiz obrazdır." Həqiqətən də bu kitab dünya ədəbiyyatı səviyyəsində möhtəşəmdir..