Hər vaxtınız xeyir, Kitabsevərlər.
Həyat aynanın qarşısına keçib özünlə söhbət etməyə bənzəmir. Etmisinizmi? Siz gözlərinizin içinə baxıb, özünüzə nəisə demisinizmi? Etdiklərinizin hesabatını vermək, vicdanınızı sorğulamaq... Qəribə gəlir bəlkə. Amma mümkündür. Gözlərimin ən dərinliyindən özümü çağırıb ona, "Sən dəyərlisən!" dediyim də olub, dərin-dərin, nifrət hiss ilə baxdığım da olub. Bu yazdıqlarımın kitabla nə əlaqəsi var? Kitaba olan baxışım, haqqında düşündüklərim varikən, bərabər kitabı oxuyub müzakirə etdiyim kitabdaşım, kitabı bambaşka bir bucaqdan şərh etdiyi an, yuxarıda yazdıqlarımı düşündürtdü mənə. Necə asandır mühakimə etmək. Yaşamadan, bilmədən, həyatda bir çox çətinlikdən yara alıb çıxmadan ittiham etmək.
Bir kitabı oxumaqla, onu anlamaq fərqli məqamlarda yerini tutur.
Yazıçının nəyi çatdırmaq istədiyi,
Oxucunun hissləri,
Obrazların mövqeyi,
Hadisələrin kimə, nəyə və nə üçün baş verdiyi.
Azərbaycan filmlərindən birində deyir ki;
"Onu bağışlamaq olarmı?"
Və film bu sözlə bitir. İzləyiciyə cavab haqqı verilir. Hər kəsin öz ixtiyarına buraxılır. Olarmı? Olmazmı?
Mənim doğrularım, sənin baxış bucağında ən böyük səhv ola bilər. Sənin doğruların, mənim baxış bucağımda özünə yer tapmaya bilər. Ancaq hər ikimizin haqlı olma ehtimalı da mümkündür.
Sofie'nin Dünyası kitabında çox sevdiyim bir hissə var idi. Filosof deyir ki; meyvənin rəngi hər kəs üçün eyni ola bilər. Amma o meyvənin dadı hər kəs üçün eyni olmaz. Mənim üçün şirin olan, sənin üçün acı ola bilər. (Yəni məğzi budur)
Kitaba keçsək;
Kitabda tək mənfi obraz, (mənim baxış bucağından) İlqar idi. Niyə? Egoist olduğu üçün.
Lunanın atdığı addımların, verdiyi qərarların həyatındakı yeri ömrə bədəl məqamında qərarlaşır.
Əziz obrazı isə, mənə görə, Lunaya bütün ağrı, acılarına qarşı hədiyyə edilmiş dost idi. Gəldi, missiyasını yerinə yetirdi və öz talehinin axarında seyr etdi.
Əhməd...
Biraz bu məqamda dərinə getmək istəyirəm.
Niyə biz qərar verərkən, ya da həyatımıza birini daxil edərkən hər şeyi olduğu kimi deməkdən aciz qalırıq. Məsələn, dürüst ola bilmirik. Verəcəyi qərara görə, necə deyərlər; "Nabza göre şerbet!" Düşüncesiylə qərarlar alırıq. Sonra isə... Spoilerə yol verməmək üçün sussam yaxşıdır.
Radioda səslənən şeirlər isə kitaba rəng qatıb. Belə deyim, yeməyin duzu-bibəri olub.
Bilmirəm, artıq ailə-məişət mövzularını oxuya bilmədiyimdənmidir, yoxsa ruh halım yol vermir, bəzən səbrim də çatmırdı. Sonluq əsəbləşdirdi. Amma bu etiraz yazıçıya deyil. Mənim kitabdakı qəhrəmanlara etirazımdır.
İstər kitabla tanışlıq, istər pdf üçün əzizlərimə təşəkkür edirəm.
Xoş mütailələr...