Volter bu əsərində olduqca önəmli və düşündürücü məsələlərdən bəhs edir. Bunlardan biri, mənim də hər zaman bu düşüncə tərəfdarı olduğum, insan beyninin nə qədər inkişaf etmiş olursa olsun, bir düşüncə nə qədər ali olursa olsun Tanrı anlayışının özündə dərinliyinə, müqəddəsliyinə əsla çata bilməyəcəyidir. Volter insan zəkasının idrakını Tanrının varlığını, onun gücünü anlaya bilmədiyi üçün zəif olaraq qəbul edir və bu zəifliyi qələmində elə bir tərzdə ifadə edir ki, zəifliyin aliliyini, qüsurun qüsursuzluğunu gözlər önünə gətirir. Və burada Volterin fikirləri məşhur alman filosofu İmmanuel Kantın "Das Ding an sich" ; "Das Ding für mich" - nəzəriyyəsi ilə, yəni "bir şeyin özündə mənası" və "bir şeyin mənim üçün mənası" adlı düşüncələri ilə tamamilə səsləşir. Daha sonra, insanın anadangəlmə ideyalaramı yoxsa anadangəlmə əqləmi sahib olması haqqında fikirləri; Rene Dekart, Barux Spinoza, Con Lokk, Tomas Hobbs və s. filosofların lehinə və əleyhinə olan əsaslı düşüncələri çox maraqlı idi. Əsərdə mənə çox gözəl hiss etdirən ən püf nöqtə Volterin ilahiyyatla (dinlə) əxlaqı ayrı tutması idi. Bunu istər kitabda Volterin Brahmanlarla bağlı yazısında, istər Zərdüştlərlə bağlı fikirlərində, istərsə də Konfüçyüs ilə əlaqəli məlumatlarında görmək mümkündür. Volterin dinlə əxlaqı ayırması və bununla beyinlərdə yaratmış olduğu təsəvvür sayəsində belə bir nəticəyə gəlmək olar ki, əxlaqın əsasını din deyil, bütün dinlərin əsasını əxlaqi fikirlər təşkil edir. Yəni, əxlaq dindən asılı deyil, dinin özü əxlaq anlayışından asılıdır.
Son olaraq demək istəyirəm ki, Volter həm düşüncə istiqamətinə görə, həm də ruhsal hisslərinə görə olduqca sevdiyim filosofdur. "Cahil Filozof" əsərini də maraqla və bəyənərək oxudum.
Cahil FilozofVoltaire