Gönderi

Normallığın sərhədlərini genişləndirən əsər
9/10
·264 syf.··
2024 13. kitabı
·
29 saatte okudu
·
Okunma: 09 Eylül 2024 00:33
2020-dən bəri oxumaq istədiyim bir kitab idi. Amma səhv xatırlamıramsa hələ o vaxtlar rəqəmsal kopyasını tapa bilmirdim deyəsən. Qismət bu ilə imiş. Yaxşı ki oxudum dediyim kitablar sırasına əlavə olundu. İndi isə həmişəki inceleme rutinimi bir balaca dəyişmək qərarına gələrək, əvvəlcə, kitabın mövzusuna toxunmaq istəyirəm. Almond (Badam), sadə görünməsinə baxmayaraq, olduqca dərin mövzulara toxunan, duyğusal bir romandır. Aleksitimiya xəstəliyi olan Yunjae adlı bir gəncin hekayəsindən bəhs edir. Aleksitimiya – duyğuları anlaya bilməmək, onlara ad qoya bilməmək ilə müşayiət olunan xəstəlikdir. Buna qısaca duyğusal korluq da deyə bilərik. Beyində yerləşən badamabənzər orqanın, yəni amigdalanın ölçüsünün kiçik olması ilə izah olunur. Yunjae'də də amigdalanın ölçüsü kiçik olduğu üçün o, qorxu, sevgi, qəzəb, nifrət kimi ilkel, yəni primitiv duyğuların nə olduğunu bilmir. Sujet xətti boyunca, onun həyatda necə və nə kimi çətinliklərlə üzləşdiyini, eləcə də, yaşadığımız mühitdəki cəmiyyətin fərqliliklərə qarşı münasibətini oxuyuruq. Əslində isə öyrənirik ki, empatiya əskikliyi olan bu uşaq, ətrafımızdakı bir çoxlarından daha çox empatiya qura bilir, eləcə də canayaxındır və yaşanan hadisələrə qarşı doğru sual verməyi bacarır. Normalda kitablara oxuma yaşı verməyi sevən biri deyiləm. Daha doğrusu, çox vaxt bunu təyin etmək mənə düşməz kimi düşüncələrdə oluram, amma bu kitabı məktəbli dostlarımızın da oxumasını səmimi qəlblə tövsiyə edərdim. Kaş elə o vaxtlar oxuyaydım dediyim bir kitab oldu. Düşünürəm ki, insana çox şey qatan əsərdir. Bu mövzuya da toxunmazdan əvvəl müəllif haqda da qeydlərimi edim. Kitabın müəllifi Cənubi Koreyalı yazıçı Won-pyung Sohn -dır. Özü haqqında elə də çox məlumatım yox idi, sadəcə sevərək dinlədiyim qrupun nümayəndələri tərəfindən oxunduğunu görüb araşdırmışdım. İndi isə öyrəndim ki, kitab yazmaqla yanaşı film ssenariləri də yazırmış. Hətta bu yaxınlarda izlədiyim Intruder filminin (2020) həm ssenaristi, həm də rejissoru imiş. Bunu görəndə istəmsizcə çox təəccübləndim (Çünki çox maraqla izlədiyim bir film idi). Müəllifin Almond kitabından əlavə, başqa əsərləri də var, hansı ki, hələ heç deyəsən ingilis dilinə də tərcümə olunmayıb. Yəqin edirəm ki, yaxın gələcəkdə onlardan da oxuyaram. Və çoox böyük təəssüflər edərək demək istəyirəm ki, bu kitabın da dilimizə olan tərcüməsi yaxşı deyildi (tam oxumamışam amma bilmirəm) Amma türkcəyə olan tərcümə o qədər də ürəkaçan deyildi. Buna görə mən özüm də Koreya dilindən tərcümə edərək, proqramların köməyilə və bəzən də türkcə tərcüməyə istinadlar edərək oxumağı üstün tutdum. İndi isə kitabın müzakirə olunmalı nöqtələrindən danışım. İlk olaraq, ən vacib bildiyim bir mövzunu qeyd etməklə başlayacağam. Əslində elə bu kitabın məktəbli yaşlardan (başlanğıc olaraq 13-14) oxunmasını buna görə tövsiyə edirəm, çünki məncə bu kimi mövzular o yaşlardan etibarən diqtə olunmalıdır ki, gələcək üçün sağlam bir nəsil yetişdirilsin. Yuxarıda da bəhs etdiyim kimi, Yunjae'nin amigdala problemi onun duyğuları hiss edə bilməməsinə və empatiya qura bilməməsinə səbəb olurdu. Bu isə insanların "normal" qəbul etdiyi etiketlərdən kənara çıxdığı üçün Yunjae həm yaşıdları, həm də yetişkinlər tərəfindən qəbul görmür və cəmiyyətdən kənarlaşdırılır. Alt mətnə diqqət yetirsək görərik ki, burada əslində empatiya əskikliyindən, duyğusal korluqdan əziyyət çəkən tərəf "anormal" qəbul edilən Yunjae yox, əksinə onu belə qələmə verən və heç cür qəbul etməyən cəmiyyətin özüdür. İnsanların Yunjae kimi fərdləri anlamaq yerinə, standartlaşdırdığı etiketlərlə qiymətləndirməsi, müxtəlifliyin qəbul edilmədiyi bir cəmiyyətin yaranmasına gətirib çıxarır. Cəmiyyətin fərqləri anlamaması və qəbul etməməsi Yunjae'nin həm daxili, həm də sosial cəhətdən inkişafını çətinləşdirir. Bu çatışmazlıq Yunjae kimi insanların tənha qalmasına və daha da təcrid olunmuş hiss etməsinə səbəb olur. Buna görə də düşünürəm ki, cəmiyyətdə digərlərindən müəyyən qədər fərqli olanlara qarşı empatiya hissi inkişaf etdirilməli və “normal” anlayışı yenidən nəzərdən keçirilməlidir. İndi bir tərəfdən də adam düşünür ki, elə bu ifadənin özündən də bir oksimoron yaranır. Əgər bu şəxslərin fərqli olduğunu qeyd ediriksə, belə çıxır ki, onda onların normal olmadıqlarını nəzərdə tuturuq? Xeyr, bu iki ifadə bir-birindən tamamilə fərqlənir. Fərqli olmaq pis və ya səhv olmaq demək deyil. Nə də ki, belə qəbul edilmək məcburiyyətində deyil, bir növ, kitabda Yunjae'nin özgün, yəni xüsusi, unikal biri olduğunun qeyd olunduğu kimi. Amma normallıq isə çox başqa bir qavramdır. Yəni, nəyə görə, kimə görə normallıq? Bir fərdin özü üçün doğru hiss etdiyi bir şey, digəri üçün yanlış olaraq qəbul edilə bilər. Buna görə də məncə oxuyarkən üzərində düşünülməsi lazım olan bir mövzudur. Qısacası, normallıq sabit və dəyişməz bir şey deyil. Fərqlilikləri anlamağa və onlarla empatiya qurmağa başlasaq, normallığın sərhədlərini də istənilən qədər genişləndirə bilərik :) Hələ ilk mövzudan nə qədər çox şey yazmışamm. İstəyirəm ki, açıb-açıb oxuyanda üzərinə yenidən düşünəcəyim fikirlərimi qeyd edim. Buna görə də dayanmaq yoxdur, davamm Kitabda mənim üçün ənnn təsirli personajlardan biri də Gon idi təbii ki. Ondan bəhs etməsəm böyük səhv edərəm. Gon, Yunjae'nin tam əksi bir xarakterdədir. Duyğularını ən uc nöqtələrdə yaşayan, sinir problemləri olan, qəzəbi, çarəsizliyi, xəyal qırıqlığını dərinlərinə qədər hiss edən bir gəncdir. Düşünürəm ki, Gon'un bu qədər aqressiv olması, Yunjae'ni duyğusal cəhətdən oyanışa aparan böyük səbəblərdən biri, hətta, bəlkə də, elə ən böyüyü idi. Acı keçmişi və yaşadığı travmalar nəticəsində həyatı formalaşan Gon, əslində, daim daxili dünyasında özü ilə münaqişə içində olan bir personaj idi. Əvvəllərdə Yunjae'yə olan düşməncəsinə davranışları da bundan qaynaqlanır. Daxilindəki qəzəb və çarəsizlik nəticəsində nə edəcəyini heç cür tapa bilmir. Hətta Yunjae'yə kömək etmək istəyəndə belə daim dilemma içində olduğunu görürük. Bir tərəfdən ona zərər verməkdən qorxur, digər tərəfdən isə içindəki şiddət ilə başa çıxa bilmir. Lakin ikisi arasında olan bu açıq-aşkar təzadlıq onlar üçün dostluq yolunda atılan addımlara çevrilir və təsadüfdən yaranan bu dostluq böyük bir dəyişimə səbəb olur. Bəlkə də, təsadüf yox, taleyin oynadığı bir oyun idi? Bilmək olmaz. Bu da bizə həqiqətən düşündürür ki, həyatda təsadüflər nəticəsində qarşılaşdığımız insanlar belə, bəzən bizdə gözlənilməz şəkildə dərin və unudulmaz təsirlər qoya bilir. Müəllifin, "Bu iki uşaq mənim öz övladlarım olsaydı onları sevə bilərdimmi?" sualından dünyaya göz açan bu iki gəncin hekayəsi ümid edirəm ki, bir çoxları tərəfindən oxunar və təbii ki, bundan yaxşı nəticələr çıxarılar. Yeri gəlmişkən, sondakı müəllif qeydi də çox gözəl idi. Oradan belə bir sitat gətirmək istəyirəm: "Hər gün yeni bir körpə dünyaya göz açır. Onların hər biri önlərinə hər cür imkanın qoyulmasına, və hər cür şəraitin yaradılmasına layiqdirlər. Lakin onlardan bəziləri gələcəkdə sosial cəhətdən təcrid olunacaq, cəmiyyət tərəfindən kənarlaşdırılacaq, bəziləri təhrif olunmuş düşüncə tərzləri ilə digərlərinə hökmranlıq edəcək, başqalarına əmrlər yağdıracaq. Bəziləri isə -bu miqdar çox az da olsa- özlərinə verilən imkanları ən yaxşı şəkildə dəyərləndirib, yaxşı nəticələr çıxaracaq və beləcə, başqaları üçün də ilham qaynağı olacaqlar." Gələcəyimizdə sonuncu örnəkdəki kimi yetişdirilən uşaqların çox olmasını diləyirəm. Mən də həyatımda böyük rolu olan, öz düşüncə tərzi ilə ilham qaynağım olan, rol modelim Kim Namjoon'a (Min Yoongi'yə, eləcə də bütün qrupa) buradan sonsuz təşəkkürümü bildirirəm. Belə bir kitabı oxuma imkanı əldə etdiyim üçün özümü şanslı hiss edirəm. Bura qədər oxuyan varsa onlara da təşəkkürlər. Gözlərinizə sağlıq :) Qeyd: 9/10 verməyimin səbəbi bölümlər arasında olan keçidlərin bir az yöndəmsiz olması idi. Əslində, hekayənin duyğusal korluğu olan biri tərəfindən danışıldığı nəzərə alınsa, bu, qəbul oluna biləcək bir şeydir. Lakin, təəssüf ki, burada 9.5 kimi qiymətləndirmələr edə bilmirik.
2024 Okuma Raporları
아몬드Won-pyung Sohn · Changbi Publishers · 20173,786 okunma
·
158 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.