Ən gözəl şey bizdən uzaq olandı,
Ən qiymətli - əlimizə çatmayan.
Ən maraqlı - bizə yasaq olandı,
Ən dərin söz - ağlımıza batmayan.
Böyük alim - danışmayıb susandı,
Böyük təbib - başını çox bulayan.
Böyük şair - dumanlı söz yazandı,
Böyük natiq - sözü sözə calayan.
Yaxşı kitab - kitabların qalını,
Vəfalı dost - dostluqdan çox danışan,
(Arı heç vaxt tərifləməz balını,
Gecə-gündüz çalışar ki, dola şan.)
Parıldayan nurböcəyi, şüşəni,
Eh, nə qədər qızıl sanıb gözümüz!
Bu təzadlar girdabına düşəli
Özümüzü aldadırıq özümüz.