Ana, uşaqlığımdan xatirə danış mənə,
Gəlsin qayğısız illər gözlərimin önünə.
O zaman ki, kədərdən, qüssədən uzaq idim,
Mən necə uşaq idim?
Sakit idim, ya dəcəl?
Mülayimdim, ya inad?
Hələ məni sınaqdan keçirməmiş bu həyat
Mən necə uşaq idim?
Vəfalıydım, ya dönük?
Çiynimə qoyulanda ağır şələ,ağır yük
Tamam düşməsin deyə bütün ağırlıq mənə
Atırdımmı o yükü özgəsinin çiyninə?
Yaşlananda uşaqlıq örnək olur insana.
Mənə uşaqlığımdan xatirə danış, ana.
Mən necə uşaq idim?
Dinc idim, şıltaq idim?
Qəddardım, ya rəhmli?
Doğruçuydum, riyakar?
Mənimlə bir günah iş tutan zaman uşaqlar
Öz xətrimə, de görüm, satırdımmı onları?
Bundan ağrıyırdımı sonra vicdanım barı?
Öz xeyrimi güdürdüm, məhəllənin xeyrini?
Bir-birinə qataraq mən doğrunu, əyrini
Böyüklərin ovcuna qoyurdummu xəlvəti?
Axı çox kövrək olur uşağın təbiəti, -
Başqasından aldığı bir "mərhəba" sözünə
Qayıdar atasının, anasının üzünə.
Mən necə uşaq idim?
Yağlı pay alım deyə
Əyirdimmi başımı hər kiçiyə, böyüyə?
Üzümə üz taxmağı xoşlardımmı onda mən?
Ayrılıb tay-tuşumdan, dostlarımın içindən
Dartırdımmı özümü?
Guya alçaq dağ idim.
Sən Allah, danış, ana, mən necə uşaq idim?
Mənə uşaqlığımdan bir az danış, anacan,
Qoy söhbətin işləsin iliyəcən,qanacan.
Mən nətəhər sevirdim bu yurdu, məmləkəti?
Məhəllənin qeyrəti, kəndimizin qeyrəti,
Elimizin birliyi, sərhədi, çayı, dağı,
Onun xəritələrdə iki rəngdə qalmağı,
Quraqlıqda qıtlığı, nübar ildə bol barı,
Şad gündə sevincləri, dar gündə ağrıları,
Söylə, titrədirdimi qəlbimi nanə kimi?
Ya hər şeyə baxırdım gendən biganə kimi?
Bizim eldə, obada belə məsəl var, ana,
Deyirlər, "südlə gələn sümüklə çıxar'' ana.
Mənə uşaqlığımdan söhbət eylə bir qədər.
Görüm xislətimdəki əyriliklər, düzlüklər
Lap əvvəldən var idi, sonradan qazanmışam?
Mən ölümlə həyatın xəttində dayanmışam.
Nə desən, bu yaşda da gərəyim olar yenə,
Ana, uşaqlığımdan xatirə danış mənə.