9/10
·161 syf.··
Beğendi
·
2025 26. kitabı
Təxminən 6-cı, ya 7-ci sinifdə oxuyurdum, daha dəqiqi 2013-cü il idi. Qonşumuz olan bir qız məktəbin kitabxanasından Əkrəm Əylislinin kitabını götürmüşdü oxumaq üçün. Ətrafdakı insanlar deyirdilər, a bala, neynirsən o "ermənipərəst"in kitabını? Bax, elə ilk dəfə onda eşitdim "Daş yuxular"ın adını. (İndi başa düşürəm ki, o vaxtlar, sırf o il o kitabın üzə çıxdığı, geniş yayıldığı, səs saldığı vaxtlar idi) Həmişə ağlımda qaldı bu yazıçının adı. Amma nədənsə "Daş yuxular"ı heç oxumadım o zamanlar, elə ondan sonralar da. Haqqında olan bütün yazıları, Əkrəm Əylislinin müsahibələrini oxudum, izlədim, amma kitabı oxumadım. Bəlkə də, hazır deyildim oxumağa. Amma dünən bilmirəm hardan ağlıma gəldi, dedim oxumalıyam bu əsəri. Və o "başıbəlalı" kitabı oxudum. Dedim görüm bu yazıq kişini niyə bu qədər sıxışdırıblar bu kitaba görə? Axı bu nə yazıb? Əsər Saday Sadıqlı adlı məşhur aktyorun şəhərin mərkəzində döyülməsinin ardınca xəstəxanaya çatdırılması səhnəsi ilə başlayır. Döyülməsinə səbəb eynilə özü kimi şəhərin mərkəzində döyülən bir ermənini həmin adamların əlindən almağa çalışması olub. Saday Sadıqlının həyatını xilas etməyə çalışan həkim çox səy göstərir. Bu zaman Saday Sadıqlı komaya düşür. Və əsərin adı da bir növ Saday Sadıqlının koma vəziyyətində ikən gördüyü yuxularla da bağlıdır. Bu yuxularla aktyor keçmişə qayıdır, öz uşaqlığını xatırlayır, xəyallarına, bəlkə də bəzən hər kəsdən gizlətdiyi düşüncələrinə bir-bir nəzər salır. Məsələ burasındadır ki, Saday Sadıqlı ermənilərlə azərbaycanlıların iç-içə yaşadığı Əylis kəndinin sakini olub. Əsərin hiddət doğurması da elə təxminən buralardan başlayır. Sanki yazıçı Saday Sadıqlının simasında erməniləri həddən artıq tərifləyirmiş, azərbaycanlıları isə bir növ pisləyirmiş kimi görünür. Amma bu sadəcə zahirdə belədir. Razıyam, Əkrəm Əylisli bənzətmələrdən, şişirtmələrdən aşırı istifadə edib bu əsərdə, amma bu hələ əsas obrazın xain olması demək deyil. Oxuduqca ilk başda elə anlayırsan ki, Saday Sadıqlı erməniləri çox sevən, azərbaycanlılara nifrət edən bir adamdır. Saday Sadıqlının erməniləri sevib-sevməməsi barədə bir şey deyə bilmirəm, çünki illərlə eyni yerdə, eyni torpaqda iç-içə yaşayan insanların bir-birini sevməsi bəyəm az da olsa təbii deyilmi? Digər ikinci bir məsələ. Tənqidçilər deyirlər ki, Əkrəm Əylisli türklərin erməniləri öldürməsi faktından yazıb. Məsələ burasındadır ki, yazıçı bu əsərlə illərlə, əsrlərlə davam edən münaqişəyə fərqli baxış açısı nümayiş etdirib sadəcə. Məncə Əkrəm Əylislinin bu əsərdə ən böyük yanlışı münaqişənin hər iki tərəfinə eyni dərəcədə nəzər salmamasıdır. Bilirəm, yazıçının vəzifəsi əslində bu əsərdə münaqişəyə təkcə azərbaycanlı nöqteyi-nəzərindən baxmamaq idi, amma bunu mən anlayıram, digər az qism anlayır, axı hamı anlamır bunu. Elə kitabın bu qədər pis qarşılanmasına başlıca səbəb də budur. Digər üçüncü məsələ. Saday Sadıqlının əksinə vətənpərvər olması hiss olunur əsərdə. O vətəninə, doğma Əylisə vurğundur, buranı dünyada hər şeydən çox sevir. Elə erməniləri "sevməsi" də bununla bağlı idi düşünürəm. Sevdiyin bir şeyə (fərqi yoxdur bu nədir) aid olan hər nə varsa sevərsən. Kitabdakı digər bir məsələ. Əsəri, onun müəllifini asıb-kəsərkən həm də nəzərə almaq lazım idi ki, əsas qəhrəman kifayət qədər melanxolik-depressiv insandır, şübhəsiz, bəzi düşüncələri bu depressiyanın doğurduğu nəticələr idi... Əsərdə bəyənmədiyim nüans Xalq Cəbhəsi rəhbərinə tənqidi, mənfi yanaşılması idi. Bəli, sanki bir qədər mənfi, həm də haqsız olaraq mənfi yanaşıb müəllif ona. Bu məncə olmasaydı, əsər daha daha yaxşı ola bilərdi. Ümumilikdə, əsəri bəyəndim. Əkrəm Əylisli bu əsərə görə hədsiz sıxışdırılmalara məruz qalıb, kitabları yandırılıb, ona verilən Xalq yazıçısı adından, fərdi təqaüddən məhrum edilib, hətta oğlu işdən çıxarılıb. Amma bu qədərinə layiq idimi? Düşünürəm, yox. Sadəcə olaraq, "Daş yuxular" bu toplum üçün, bu ölkə üçün yeni bir şey idi. Və biz yeniliklərə o qədər də hazır deyilik hələ. Əsərdə başdan-sona, dünən də dedim, "reallıqların doğurduğu kədər" hissi hökm sürür. Çox təəssüf hissi ilə oxudum əsəri. Və həqiqətən nə qədər "milli xəyanət faktı" olaraq təqdim olunan əsər olsa da, əslində olan çox başqadır. Bir də o vaxt eşitmişdim ki, müəllifin bu əsəri yazmaqda məqsədi Nobel almaq imiş. Qəsdən yazıb ki, bəlkə fərqli mövzu görüb verələr o mükafatı ona. Bilmirəm elə bir fikri olub ya yox, amma o adamın digər əsərləri də çox qəşəngdir. Ümumiyətlə, Əkrəm Əylisli mükəmməl yazıçıdır. Bizim toplumun qədrini bilmədiyi yazıçılar silsiləsindəndir. Və Əkrəm Əylisli kifayət qədər ağıllı adamdır, o bilirdi ki, bu əsər yaxşı qarşılanmayacaq, amma o öz azad yazıçı mövqeyini həmişəki kimi bu əsərdə də qoruyub saxladı. Yazıçı elə bu cür olmalıdır. Necə düşünürsə o cür ifadə etməlidir özünü. Və bütün təhdidləri, tənqidləri, təhqirləri gözə alıb bu əsəri yazdı Əkrəm Əylisli.
Edebiyat & Roman
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
·
347 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Əsəri uşaq ikən oxumuşdum və axtarırdım, ChatGPT sayəsində tapdım və incələmənizi oxuduqca mövzunu xatırladım. Əgər əsər ədəbi baxımdan qüsursuzdursa, oxumağa dəyər o zaman. Qələminizə qüvvət, sayənizdə yenidən oxumağı düşünürəm. Hər zaman kitabla qalın📚✨
Təbriklər, yaxşı yazmısınız. Bəyəndim. 🙂
Jean Valjean
Gönderi Sahibi
Oxuduğunuz üçün təşəkkür edirəm. Bəyənmənizə sevindim ✨️
Əla yazmısan 👍❤️
Jean Valjean
Gönderi Sahibi
Çox sağ ol oxuduğun üçün 🥰 bəyənmənə sevindim