·208 syf.····Okunma: 09 Haziran 2025 23:29 Kitab ilk baxışdan çox şey vəd edir. Qadının gücü, travmalar, sağalma, sevgi, itki, dirçəliş. Bütün bu mövzular doğrudan da dəyərli və vacibdir. Üstəlik, yazı stili çox sadə, axıcı sanki gündəlik kimidir. Bəzən elə alıntılar çıxır ki, insanın içindən gəlir onları paylaşa, dostuna oxuda. Amma işin “bal” tərəfi bu qədər şirin deyildi. Çünki kitaba başlayan kimi mətnlə bərabər gələn rəsmlər və bəzi cəsarətli adlanan iyrənc ifadələr dəhşətə gətirdi məni. Bu kitabın orjinal adı "Milk and honey"dir, amma məncə “body and drama” olsa, daha yerinə düşərdi. Açırsan, bir-iki poetik cümlə, ürəyin yumşalır, “həə, bax bu qəşəngdi” deyirsən.. Sonra hop! Qarşında cinsəllik, çılpaq qadın bədəni və bunların şəkilləri, ifadə etmək istəmədiyim daha nələr və sairə.
İlk səhifələrdə düşündüm: "Bu qız çox şey keçib, yəqin hisslərini yazıya tökür." Sonra fikrim dəyişdi: "Yox e, bu nə danışır?!" Mən ədəbiyyat oxumağa gəlmişdim, amma sanki səhvən birinin şəxsi gündəliyinə girmişəm. Və bu gündəlik çox.. gərəksiz və kobud şəkildə açıqdır.
Bu qədər ağır, həssas və qadına dair mövzulara toxunan bir mətnin, zərif və düşüncəli şəkildə qurulmasını istəyərdim. Əvəzində isə qadın bədəni çılpaq, açıq və bəzən kobud rəsmlərlə təqdim olunur. Hələ utanmadan yan-yörəsinə çiçək, böcək də çəkiblər. Ən əsəblərimi korlayan da elə budur da qadın bədəni sanki sərbəst bədii sərgidir. Burda bu sualı vermədən keçə bilmirəm ki, sən kimsən axı qadın bədənini bütün qadınlar adına danışdırcaq qədər? Və sən nə vaxtdan hiss deyəndə sadəcə çılpaq təsvir başa düşürsən? Poeziya porno deyildi, amma sən o sərhədi də pozmusan. Təkçə bu da deyil ha, bəzi yazarlar sanki özlərini qadınlıq konseptinin baş təmsilçisi sayırlar. Hər yazdıqları özləri üçün yox, sanki ümumi qadınlar adından danışmaq kimi təqdim olunur. Amma bu nə qədər doğrudur? Nə vaxtdan bir insanın şəxsi travması, şəxsi bədəni, şəxsi baxışı ümumi qadın təcrübəsi oldu? Bunlar nə yaşayır anlamıram. Bu haqqı necə görürlər özlərində, dəhşətt.
Nəticə? Bizə ədəbiyyat deyə sırıdıqları qaralamalar (kitab deyə bilmiyəcəm) cinsi təfərrüatlardan ibarətdi. Və sən də oturub düşünürsən: “Bu nəydi indi? Bu hiss idi, yoxsa TikTok üçün kontent?”
Əlbəttə, hər kəsin duyğusunu yazmaq haqqı var, və bu kitab da çox qadına toxunub, güc verib, fərqində olmağı öyrədib bəlkə də (deyilənlərə görə ha). Amma bütün bunları ifadə etmək üçün doğrudanmı bu qədər necə deyim bədənin hissə-hissə təsviri vacib idi?
Bax, kitabı oxuyub bitirdikdən sonra üzümə baxıb desəydilər ki, “Şəhla, bu kitab sənə nə verdi?” Deyərdim:
“Bir neçə maraqlı sitat, bir cüt qırmızı yanaq və bir az da "niyə aldım axı bunu?" peşmanlığı."
Ən faciəli tərəfi isə bu müəllifdən bir kitab daha almışam! Oxumamışam hələ. İndi isə o kitab mənə baxır, mən ona. Hər ikimiz də nə baş verdiyini anlaya bilmirik.
"Milk and honey" bəziləri üçün şəfa, bəziləri üçün təxribat, bəziləri üçünsə “daha oxumaram” siyahısının birinci sırasıdır, mənə görə. Bəzi oxucular üçün bu tərz azadlıq və ifadədir, amma mənim üçün balanssız və yersiz vizuallarla dolu, iyrənc bir təcrübə oldu. Amma bu təcrübədən öyrəndim ki, bəzən bir kitabın Instagramda viral olan bir misrasına aldanıb, bütün kitabı oxumaq ağılsızlıqdan başqa bir şey deyil. Pulum da, zövqüm də, az qala oxucu səbrim də bu kitabla bir az zədələndi.:(