Bu kitabı 3 il öncə yarımçıq buraxmışdım. Çünki, kitab cütlüklər üçün nəzərdə tutulub. Artıq kitabı oxuyub analiz etməyə özümü hazır hiss etdiyimdən yenidən qayıdıb başdan oxudum. Kitabın əvvəllərində müəllif özünü bir az çox tərifləyir və sonrakı hissələrdə isə bəzi mövzular yersiz uzadılıb, amma ardıcıllıq, nizam qorunur və kitab axıcıdır, oxucunu yormur. Əsərdə yer alan mövzuları, müəllifin çatdırmaq istədiyi fikir və tövsiyələri çalışdım ki, kompakt şəkildə ifadə edim.
Fikrimcə, bu kitab cütlüklərin oxumalı olduğu kitabdır. Çünki, müəllifin toxunduğu problemlər, əksər münasibətlərdə yaşanan situasiyalardır. Qarşı tərəfin ehtiyac və istəklərini başa düşmək, problemlərin mahiyyətindən xəbərdar olmaq və eyni səhvləri təkrarlamamaq üçün kitabın faydalı ola biləcəyini düşünürəm. Bu kitab problemli vəziyyətlərdə kişi və qadının bir-birindən qaçmaması, əksinə, onların bir-birini anlaması və qəbul etməsini öyrətməyə çalışır.
Müəllif deyir ki, qadın dərdini və ya hansısa bir problemini kişiylə ona görə bölüşmür ki, kişi ona məsləhətlər versin, yaxud həll yolları təklif etsin. Qadın kişiyə ürəyini açarkən, onu dərdinə şərik etmək istəyərkən sadəcə kişinin ona diqqət etməsini, can yandırmasını və qayğısını istəyir. Qadına yüngülləşmək üçün ürəyini boşaltması lazımdır. Bu vəziyyətdə ediləcək ən yaxşı hərəkət qadını dinləməkdir ki, qadın bununla özünü xoşbəxt hiss edəcək. Əslində bu, kişi üçün çox sadə və asan bir davranışdır. Sadəcə kişilər çoxu bunu anlamır. Çünki, qadını dərdli görəndə kişi ona xoşbəxt hiss etdirə bilmədiyi üçün həm də özünü günahkar görür. Belə olan halda qadını dinləmək kişi üçün psixoloji yükə, hətta işgəncəyə çevrilir.
Həmçinin, kitabda kişilərin qadınlarla münasibətlərdə gah uzaqlaşmaları, gah yaxınlaşmaları, qadınların isə özünü və başqasını sevmək qabiliyyətində qalxma və enmə keçirmələri ətraflı və aydın şəkildə izah olunur. Belə ki, kişi qadınla münasibətində bəzən təbii olaraq qeyri-ixtiyari uzaqlaşmağa başlayır və tam uzaqlaşdıqdan sonra yeni güc və yeni hisslərlə geri qayıdır. Müəllif, kişilərin bu xüsusiyyətini rezin lentə bənzədir. Yəni bu, rezin lentin uzağa dartınıb, sonra yenə əvvəlki yerinə qayıtması kimi bir haldır. Qadın isə dibə çatandan sonra özünü yaxşı hiss etməyə başlayır, yenidən sevgi saçır və münasibətlərini sevgi ilə doldurur. Tədqiqatlara görə bu dövrlər təqribən 3-5 həftədən bir təkrarlanır. Qısa desək, sevgi və ailə münasibətlərində nə qadın, nə də kişi həmişə sabit qalır. Dəyişikliklərin onların münasibətinə zərər vurmaması üçün bir-birlərini anlamağı və dəstək olmağı öyrənmələri vacibdir ki, bir-birlərinə qırılmaz bağlarla bağlansınlar. Bağlar elastik olduqca, bir-birlərindən nə qədər dartılıb uzaqlaşsalar da elastiklik qüvvəsi onları yenidən çəkib bir-birinə qovuşduracaq.
Əsərdə yazıçının izah etdiyi kişi-qadın münasibətlərinin ümumi prinsiplərindən belə nəticəyə gəlirik ki, tərəflərin hissi tələbatları fərqlidir və çox vaxt bu fərqlər anlaşılmır. Nəticədə hər iki tərəfdə narazılıq yaranır, bir-birlərinə dəstək ola bilmirlər və narazılıq getdikcə artır. Müəllif qadınların birinci dərəcəli sevgiyə ehtiyaclarını qayğı, anlama, hörmət, sədaqət, qəbul edilmə və inamı möhkəmlətmə kimi növlərə ayırırsa, kişilərin də birinci dərəcəli sevgiyə tələbatını etibar, olduğu kimi qəbul edilmə, minnətdarlıq, heyranlıq, bəyənilmə və həvəsləndirmə kimi növlərə ayırır. Qadın və kişinin birinci dərəcəli ehtiyacları fərqli olduğundan onlar buna diqqət etməlidirlər. Çünki, məsələn, qadın üçün qayğı və anlama öncə gəldiyindən, sevdiyi insana da qayğı və anlama ilə yanaşır. Kişinin prioriteti isə bu deyil, ona inanılmasıdır. Beləcə biri digərinə lazım olanı tam verə bilmədiyindən, gözlədiyini də tam şəkildə ala bilmir. Belə olan halda da, qadın düşünür ki, göstərdiyi qayğıya qarşılıq olaraq lazım olan sevgi və minnətdarlığı görmür. Bu problemlərin ortaya çıxmaması üçün qarşı tərəfi onun ehtiyac duyduğu məhəbbətlə sevməyi öyrənmək lazımdır.
Kitabda yer alan maraqlı mövzulardan biri də münasibətlərdə “xal sistemi”dir. Münasibətlərdə kişilər necə xal qazana bilər və qadının meyarları nədir? Deməli, müəllif bu fəsildə izah edib ki, qadın sevirsə onun üçün gördüyü diqqət və qayğının təzahürü hansı ölçüdə olur-olsun bir xaldır. Kişilərin bir çoxu hesab edir ki, məsələn, xanımını mehribancasına qucaqlamaq, onun üçün maşının qapısını açmaq, ya da sadəcə gül bağışlamaq kimi diqqət təzahürləri xırda şeylərdir. Daha çox pul sərf edib daha böyük görünən nələrsə etsə, məsələn, bahalı hədiyyə, tətilə getmək və s. qadın buna görə kişiyə daha çox xal yazacaq. Amma burda kişilər yanılırlar. Qadın üçün əsas olan davamlı diqqətdir. Qadın verdiyi sevginin, tərəfdaşı üçün etdiklərinin müqabilində onun qarşılığını görmək istəyir və qadın üçün kişinin göstərdiyi diqqət, onun üçün etdikləri hər biri bir xaldır. Kişiyə kiçik görünən davranışlar əslində qadın üçün əhəmiyyətlidir. Buna ciddi diqqət etmək lazımdır. Müəllif, kişilərin xal qazanması üçün 101 üsul təqdim edir. Həmin üsullarda qadına qarşı münasibətdə onun dərdinə şərik olmaq, dinləmək, gününün necə keçdiyini maraqlanmaq, diqqət göstərmək, ona tez-tez xoş sözlər söyləmək kimi davranışlar yer alır. Həmçinin kişilərə tövsiyə olunur ki, evə qayıdanda ilk öncə xanımlarını qucaqlasınlar, evdən çıxanda isə öpsünlər, vaxtaşırı gül versinlər və kiçik hədiyyələr alsınlar, evə gec gələndə əvvəldən xəbər versinlər, hərdənbir ev işlərində kömək təklif etsinlər, müntəzəm olaraq səni sevirəm desinlər, bəzən sevgi məktubu və ya şeir həsr etsinlər. Bunlar münasibətin təməlini təşkil edən davranışlardır.
Son olaraq müəllif sevgi məktubu yazmağı tövsiyə edir. İnsan əsəbi, məyus, dilxor və gərgin anlarında mənfi hisslərini başqasının üstünə tökməzdən əvvəl həmin hisslərini özü dinləməli, mənfi emosiyaları özündən uzaqlaşdırmalıdır ki, səhv bir addımla, yanlış bir sözlə qarşı tərəflə münasibətlərini zədələməsin. Bunun üçün sevgi məktubu yazmaq tövsiyə olunur. Sadəcə ürəyində olan bütün mənfi hisslərini, qarşı tərəfə demək istədiyin hər şeyi yaz, ürəyini boşalt sonda isə təəssüfünü və sevgini bildir. Beləcə, insan öz hisslərini dinləmiş olur və vəziyyəti daha yaxşı anlayır həm öz tərəfindən, həm də qarşı tərəfin baxış bucağından. Ürəyini boşaltmış olduğu üçün daxilindəki zəhərli sözlər yerini sakitliyə və anlayışa verir. Bu metodun faydası çox böyükdür, müəllif bununla bağlı real həyatdan bir neçə misal çəkib ətraflı şəkildə izahat verir.
Beləliklə, bu kitabı oxumaqla şəxsi həyatınızdakı bir çox çətinliyə fərqli prizmadan baxmaq və çıxış yolları tapmaq mümkündür. Müəllifin təqdim etdiyi yanaşmaları və tövsiyələri həyatınıza tətbiq etdikdə daha anlayışlı, balanslı və hüzurlu münasibətlər qurmaq üçün imkanlar yaranır. Kitabı qiymətləndirməm: 8/10
John Gray