Gönderi

10/10
·332 syf.··
Beğendi
·
2026 22. kitabı
·
13 günde okudu
·
Okunma: 11 Şubat 2026 12:04
Dünyanı bir həbsxana kimi təsəvvür edin. Bu həbsxananın içində yaşayırıq və ən təhlükəli tərəfi də budur ki, həbsdə olduğumuzu bilmirik. Çünki həbsxananın kənarında nə olduğunu tanımırıq. Azadlıq haqqında bildiklərimiz də sistemin bizə icazə verdiyi qədərdir. Həyatımız başlanğıcdan bu mexanizmin üzərində qurulub və onu aşmaq üçün nə xəritəmiz var, nə də gücümüz. Kənardan baxanda hər şey absurd görünür. Bəs niyə insan bu absurdluğun içində israrla məna axtarır? Niyə hər hadisəyə bir izah, bir səbəb tapmağa çalışırıq? Elmi, hüquqi, əxlaqi çərçivələr qururuq. Müəllif suallar verir, amma cavab varmı bilinmir. Yozef K. də elə bu boşluğun içində dayanıb. O, heç nə bilmir. Daha dəhşətlisi isə budur ki, nəyi bilməli olduğunu da bilmir. Hara getdiyini, niyə getdiyini, nə axtardığını anlamadan hərəkət edir, çabalayır. İstirahət günlərini dincəlməyə, həyatdan zövq almağa yox, səbəbi açıqlanmayan istintaqlara sərf edir. Çünki sistem artıq onun daxilinə çöküb. Ona göstəriş verən təkcə məmurlar deyil, öz içində formalaşmış itaət refleksidir. Burada hökm birtərəflidir. Sistem mühakimə olunmur. Sən isə müdafiə olunmursan. Haqlı olduğunu sübut etməyə çalışdıqca daha da batırsan, daha da haqsız olursan. Ədalət axtarışı insanı günahkarlaşdırır. Sən danışdıqca qovluq qalınlaşır. Məkanlar çirkab içindədir. Hava ağırdır, nəfəs boğur. Bu sadəcə fiziki çirkab deyil. Burda vicdan da havasız qalıb boğulur. Sistemə uyğunlaşanlar bu mühitdə yaşamağa vərdiş ediblər. Təmiz hava onlara yad gəlir. Onlar artıq dəyişmək istəmirlər. Düşünürlər, amma nəyi düşünmələri tələb olunursa, onu düşünürlər. Nəyi etmək tələb olunursa, onu edirlər. Beləliklə, hamı məhkumdur. Əgər hamı məhkumdursa, artıq məhkum anlayışı da mənasını itirir. Çünki azad insan yoxdursa, məhkumları fərqləndirməyə də ehtiyac qalmır. Hər kəs məhkəməyə qaçır, sübut axtarır. Nəyi sübut etmək istədiklərini özləri də bilmirlər. Bəs bu sübutlar nə üçündür, əgər vicdan artıq yoxdursa, məhkəmə nəyə lazımdır? Kafka bu sualı cavablandırmır. Onun dünyasında cavab tapmadığı sonsuz istintaq var. “Məhkəmə”nin mahiyyəti bir neçə cümlə ilə açılacaq qədər sadə deyil. Onu başa düşmək üçün əsərin içinə girmək lazımdır. Xüsusilə səkkizinci və doqquzuncu fəsillər əsərin fəlsəfi yükünü ağırlaşdırır. Doqquzuncu fəsildə keşişlə Yozef K.-nın dialoqunda əsərin çatdırdığı ideya və oxucuya demək istədiyi fikirlər daha aydın şəkildə öz əksini tapır. İnsan ömrü boyu qapının önündə gözləyir, amma içəri girmir. Özü də bu qapı təkcə onun üçün var və həmişə ona açıq olub. Əslində, o azad bir adamdır, hara istəsə gedə bilər, onu saxlayan yoxdur. Könüllü şəkildə qapının qarşısında ömrünün sonuna qədər gözləyir. Axı niyə? Burda bizə çatdırılan fikir odur ki, azadlığın qapısı açıqdır. Lakin insan sistemə uyğunlaşır, sistem onun içinə elə çökür ki, o heç vaxt bu qapıdan keçməyi düşünmür. Azadlığı absurd sistemin içində axtarmağa çalışır. Halbuki sistem heç vaxt tam azadlıq vermir. Bunu əsərdəki rəssam Titorelli də açıqlayır. Sistem sənə tam azadlıq seçimini verməz. Bu sadəcə nəzəriyyədə var və praktik olaraq ancaq əfsanələrdə mövcuddur. Beləliklə, insan sona qədər qeyri-müəyyənlik içində qalır. Son fəsil isə artıq məhkəmənin ölüm hökmüdür. Yozef K. əvvəlcə müqavimət göstərmək istəyir, amma sonra bunun da mənasızlığı ilə barışır. Sanki öz taleyinə razılıq verir. Günahsız bir insana günahkar olduğu ittihamı qoyulur, onun həyatında heç nə dəyişmir, amma zamanla o günahkar olması ilə barışmalı olur. Hardan bilirik ki, o günahsızdır? Yozef K. günahsız olduğunu düşünürdü və elə bilirdi ki, heç vaxt günahkar ola bilməz. Bəlkə də onun günahı özünü sorğulamadan yaşaması idi. Ölüm hökmü icra olunur. Məhkəmədən gəlmiş iki kişi onu özləri ilə aparıb öldürürlər. Sonluq isə belə bitir: “Lap it kimi öldü”. Franz Kafka Məhkəmə
İnsan ve Hayat
MəhkəməFranz Kafka · Qanun Neşriyyat · 063,8bin okunma
·
1 +1'leme
·
278 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Franz Kafkanın bütün əsərləri əslində bir mühakimə əsasında qurulmuş məhkəmədir. Qərarları verən hakimlər də biz oxuyucularıq. Çox gözəl bir incələmədir, əhsən sizə. 👏🏻✨️
Münasib Niftalıyev
Gönderi Sahibi
Dəyərli sözləriniz üçün təşəkkür edirəm☺️ Çox incə yanaşmısınız