10/10
·95 syf.··
2026 72. kitabı
Bilirsən, bəzən elə kitablar olur ki, səhifələri çevirdikcə sanki sən də o səhifələrin arasında itib-batırsan. Sadık Hidayet Kör Baykuş mənim üçün elə bir kitab oldu. Amma bu itmək qorxulu deyildi, daha çox öz içinə səyahət etmək kimi bir şey. Mən bu kitabı oxuyarkən hiss etdim ki, Hidayət mənimlə danışır. Lap elə bil üzümə baxıb deyir: "Bax, mən beləyəm. Sən də beləsən? İçindəki qaranlıqla üzləşməyə cəsarətin var?" Kitabın qəhrəmanı... Ona qəhrəman demək nə qədər doğrudur, bilmirəm. Bəlkə də anti-qəhrəman demək daha düzgün olardı. O, tənha, çox tənha bir adamdır. Öz otağında, öz dünyasında yaşayır. Pəncərədən çölə baxır, amma çöldə gördükləri də əslində onun öz iç dünyasının əksidir. Mənə ən çox toxunan isə onun kölgəsi ilə danışması oldu. Çünki bəzən mən də gecələr oyaq yatanda, qaranlıqda öz kölgəmlə söhbət edirəm. Ona suallar verirəm: "Sən kimsən? Niyə mənimləsan? Məndən nə istəyirsən?" Və bəzən elə bil kölgəm mənə cavab verir, için için gülür. Kör Baykuş …Bu ad lap əvvəldən məni düşündürdü. Niyə bayquş? Niyə kor? Bayquş gecənin quşudur, qaranlıqda görür. Bəs kor bayquş necə yaşayar? O, nəyi görər? Bəlkə də ancaq öz içindəki qaranlığı görər. Necə ki, Hidayətin qəhrəmanı ancaq öz ruhunun dərinliklərindəki qaranlığı görür, çölə, gerçək dünyaya qarşı kordur. Kitabda bir qadın var. O qədər gözəldir ki, qəhrəman ona vurulur. Amma bu sevgi saf, təmiz bir sevgi deyil. Bu, bir növ xəstəlikdir, tutqundur. Qadın sanki bir röyadır, bir xəyaldır. Və ən sonda o qadın ölür. Qəhrəman onun cəsədini parçalayır, bir çamadana qoyur və basdırmağa aparır. Bu hissəni oxuyarkən ürəyim bulandı, etiraf edim. Amma eyni zamanda düşündüm: "Bəlkə də bu, sadəcə bir qətlin hekayəsi deyil. Bəlkə də bu, öz içimizdəki gözəlliyi, öz içimizdəki mələyi öldürməyimizin hekayəsidir." Hər birimizin içində bir mələk var, bir də bir şeytan. Bəzən biz o mələyi öldürürük, onu boğuruq, basdırırıq ki, ancaq şeytan qalsın, ancaq qaranlıq qalsın. Hidayət bu kitabı yazanda nə düşünürdü, bilmirəm. Amma mən bu kitabı oxuyanda hiss etdim ki, o, mənə deyir: "Bax, insan ruhu nələrə qadirdir. Həm ən gözəl sevgilərə, həm ən dəhşətli qətlə." Və bəlkə də ən qorxulusu odur ki, bu sevgi ilə bu qətl bəzən eyni şeydir. Kitabın sonunda qəhrəman bir qocaya rast gəlir. Qocanın üzü onun öz üzüdür. Və birdən başa düşürsən ki, bütün bu hekayə əslində onun öz hekayəsidir. Qadın da odur, qoca da odur, hamısı odur. O, öz içindəki bütün personajlarla təkbətək döyüşür. Mənə elə gəlir ki, “Kor Bayquş” əslində hər birimizin içində olan bir hekayədir. Hər birimizin içində bir kor bayquş var. Qaranlıqda qalan, heç kimin görmədiyi, bəlkə də özümüzün belə görmək istəmədiyimiz bir bayquş. Və bu kitab bizi o bayquşla üz-üzə qoyur. Onu tanımağa, onunla danışmağa məcbur edir. İndi mən bu kitabı bitirdikdən sonra düşünürəm: "Görəsən, mənim içimdəki kor bayquş indi nə edir? O da mənim kimi çölə baxır? Yoxsa mənə baxır?" Və bəzən elə bil aynada özümü görəndə, gözlərimin içinə baxıram. Orada, dərinliklərdə bir bayquş görürəm. Kor bir bayquş. Və o mənə baxır. Səssizcə. Anlayışla. Bəlkə də mərhəmətlə. Çünki o məni tanıyır. O mənim özüməm. Ümid edirəm ki, sən də bu kitabı oxuyanda öz kor bayquşunla qarşılaşacaq və onunla dostlaşa biləcəksən. Və unutma: qaranlıqdan qorxma. Çünki qaranlıq olmasa, ulduzları görə bilmərik.
Edebiyat & Roman
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202636,6bin okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.