Gönderi

Milad ağacındakı oğlan - Dostoyevski öyküsü
I Əl açan oğlan Uşaqlar qəribə məxluqdurlar, yuxuya və xəyala gəlirlər. Milad bayramından əvvəl küçədə, hamıya məlum köşədə yeddi yaşlarında oğlan uşağına rast gəldim. Dəhşətli şaxtada o, demək olar, yay paltarındaydı, ancaq boynu hansısa köhnə şeylə sarınmışdı – deməli, onu kimsə bura göndərir, yaşayışını təmin edirdi. O "əl açaraq" gəzirdi: bu, texniki termindi, yəni nəzir istəmək. Termini oğlanlar özləri uydurmuşdular. Onun kimiləri çoxdur – yolunuzun üstündə fırlanır, nəsə əzbərlədikləri şeyləri mızıldayırlar: amma bu mızıldamır, məsum, vərdiş etməmiş şəkildə danışır, güvənlə gözlərimin içinə baxırdı, deyəsən, yeni başlamışdı. Sorğu-sual vaxtı bildirdi ki, bir bacısı var, işsizdir, xəstədir: bəlkə də həqiqətdir, amma sonradan öyrəndim ki, bu uşaqları ən qorxunc şaxtada da "əl açmağa" göndərirlər, əgər heç nə yığmayıblarsa, onları kötək gözləyir. Qəpik-quruşu yığdıqdan sonra oğlan qızarmış, donmuş əlləriylə sərxoş alverçilərin olduğu hansısa zirzəmiyə qayıdır. Onlar "şənbə-bazar günləri fabrikdə dincəlib, çərşənbədən tez olmayaraq yenidən işə qayıdan" dəstədir. Həmin zirzəmilərdə ac, döyülmüş arvadları da sərxoşluq edir, elə orda körpə uşaqları aclıqdan ciyildəyir. Araq, palçıq, pozğunluq, əsas da araq. Toladığı qəpiklərlə oğlanı meyxanaya göndərirlər, o yenə şərab gətirir. Əyləncə üçün bəzən oğlanın da ağzına piyalədən şərab tökür, nəfəsi kəsilib, az qala huşu itmiş vəziyyətdə döşəməyə yıxıldıqda gülürlər. ... və iyrənc arağı ağzıma amansızca tökürdü... Oğlan böyüyəndə, onu hansısa fabrikə satırlar, amma nə qazansa, yenə alverçilərə gətirməli olur, onlarsa içməyə davam edirlər. Fabrikdə işləyənə qədər bu uşaqlar əsl cinayətkar olurlar. Şəhərdə avaralanıb, hansı zirzəmilərə girib gecələyəcəklərini yaxşı bilirlər. Onlardan biri dalbadal neçə gecə hansısa dalandarın səbətində gecələmişdi və onu görməmişdilər. İstər-istəməz oğru olurlar. Hətta oğurluq səkkiz yaşlı uşaqların ehtirasına çevrilir, bəzən cinayət etdiklərinin dərk etmirlər. Nəticədə hər şeyə – aclıq, soyuq, döyülmə – dözürlər ki, azad olub alverçilərdən yaxa qurtarsınlar, özbaşlarına avaralansınlar. Bu vəhşi varlıq bəzən heç nə anlamır, heç yerdə yaşamır, heç bir millətdən deyil, Allah varmı, hökmdar varmı, veclərinə olmur; hətta onlar haqqında elə şeylər danışırlar ki, eşitdiyinə inanmırsan, amma hamısı faktdır. II Milad ağacındakı oğlan Ancaq mən romançıyam və deyəsən, bir "hekayə" yazdım. Niyə yazıram: "görünür", axı özüm də bilirəm ki, uydurmuşam, amma mənə elə gəlir, bu hardasa, nə vaxtsa məhz milad ərəfəsində, hansısa böyük şəhərdə, dəhşətli şaxtada baş verib. Zirzəmidə təxminən altı, hətta daha da az yaşında balaca oğlanın olduğunu görürəm. Bu oğlan soyuq, nəm zirzəmidə səhər yuxudan oyandı. Əyninə xələt keçirmişdi, soyuqdan əsirdi. Nəfəsi ağ buxar kimi çölə çıxırdı, küncdəki sandığın üstündə oturaraq canı sıxıldığından qəsdən ağzından buxar buraxıb, necə uçmasına baxmaqla əylənirdi. Çox acmışdı. Səhərədək bir neçə dəfə hədsiz yastı döşəkdə, balış əvəzində başının altına düyünlənmiş əsgi qoymuş xəstə anasının uzandığı yatacağa yaxınlaşmışdı. Bura necə düşmüşdü? Ola bilsin, yad şəhərdən öz oğluyla gəlmiş, qəfildən xəstələnmişdi. Köşələrin sahibəsini hələ iki gün əvvəl polislər tutmuşdular: sakinlər dağılışdılar, bayramdı, ancaq orda bütün sutkanı sərxoş ölü olaraq uzanıb qalan alverçi bayramı da gözləmədi. Otağın başqa küncündə hardasa, nə vaxtsa dayələrlə yaşamış, indisə tənha qalmış, ufuldayan səksən yaşlarında bir qarı revmatizm ağrılarından inildəyirdi. Deyindiyi üçün oğlan ona tərəf yaxınlaşmaqdan qorxurdu. İçmək üçün küləşlərin arasından heç nə tapmadı, çörək qırıntıları da gözünə dəymədi, artıq bəlkə onuncu dəfə anasını oyatmağa gəldi. Nəhayət, qaranlıqda onu vahimə basdı: axşam çoxdan düşmüşdü, ocaq qalanmamışdı. Anasının üzünü yoxlayaraq təəccübləndi ki, o heç hərəkət etmir, divar kimi soyuqdur. "Bura çox soyuqdur" – düşündü, bir qədər dayandı, şüursuzca əli mərhumənin çiynində qaldı. Sonra isinməsi üçün barmaqlarına üfürdü, birdən küləşlərin arasında papağını axtarıb taparaq sakitcə, əliylə yoxlaya-yoxlaya zirzəmidən çıxdı. Burdan çoxdan gedərdi, amma yuxarıda, pilləkəndə qonşu qapılarda var-gəl edən böyük itdən qorxurdu. Ancaq it artıq yox idi və o küçəyə çıxdı. Aman Tanrım, şəhərə bax! Hələ heç vaxt belə şey görməmişdi. Onun gəldiyi yerdə gecələr qara zülmət, bütün küçədə təkcə fənər olurdu. Taxtadan olan alçaq evlər pəncərə qapaqlarıyla bağlanırdı: küçə bir az alatoranlaşan kimi heç kəs olmur, hamı evlərə çəkilirdi. Yalnız sürüylə, yüzlərlə, minlərlə it bütün gecəni ulayır, hürüşürdülər. Amma orda elə istiydi ki, yemək də verirdilər, burdasa: – Tanrım, yemək olsaydı! Burda necə gurultu və ildırım var, necə işıq və insanlar, atlar və arabalar və şaxta, şaxta! Yorulmuş atlardan, isti nəfəs alan üzlərindən donmuş buxar tökülür; yumşaq qarın üzərindən nallar daşa dəyib cingildəyir, hər kəs elə itələnir ki, Tanrım, elə yemək istəyirsən ki, heç olmasa balaca bir tikə... Və birdən barmaqları ağrımağa başladı. Yaxınlıqdan polis nəfəri keçdi və oğlanı görməmək üçün çöndü. Budur, yenə küçə. Ah, necə genişdir! Bax, burda necə əzirlər yəqin, necə qışqırırlar, yol gedirlər, qaçırlar, hələ işıq, o işıq! Bəs bu nədir? Ah, nə böyük şüşədir, şüşənin arxasında otaq, otaqda tavana qədər ağac: bu küknar ağacıdır, ağacda nə qədər işıq, nə qədər qızılı kağız və almalar var. Ətrafında oyuncaqlar, kiçik atlar, otaqda tər-təmiz geyinib-keçinmiş uşaqlar qaçır, oynayır, gülür yeyir, içirlər. Bax, bu qız oğlanla rəqs etməyə başladı, necə qəşəng qızdır! Şüşənin o yanından musiqi eşidildi. Oğlan heyrətlə baxıb güldü, amma artıq barmaqları ağrıyırdı: əl və ayaq barmaqları hər ikisi qızarmışdı, tərpətdikcə ağrı verirdi. Anidən fərqinə vardı ki, barmaqları çox ağrıyır, ağlayıb uzağa qaçdı. Budur, başqa şüşənin arxasından otağı yenə görürdü, yenə ağaclar vardı, amma masalarda piroqlar – hər cürə, badamlı, qırmızı, sarı. Dörd zəngin xanım oturmuşdu, kim gəlsə piroq verirdilər, qapı hər dəqiqə açılır, küçədən içəri çoxlu cənab daxil olurdu. Oğlan da yaxınlaşıb qapını açdı və içəri girdi. Oh, onun üstünə necə bağırdılar, əllərini qaldırdılar. Bir xanım tez yaxınlaşdı, ovucuna qəpik qoydu və küçə qapısını açdı. O necə qorxdu! Qəpik də diyirlənib əlindən düşdü, pilləkəndə cingildədi: soyuqdan donmuş barmaqlarını hərəkət etdirib tuta bilmədi. Oğlan ordan qaçdı, sürətlə qaçdı, amma hara, özü də bilmirdi. Yenə ağlamaq istədi, qorxur, qaçır, qaçır, əllərinə üfürürdü. Kədərə batır, çünki anidən elə tənhalaşırdı, özünü elə dəhşətli hiss edirdi ki! Və birdən, Tanrım! Yenə bu nədir? Camaat topayla dayanıb təəccüblə baxırdılar: pəncərədə şüşənin arxasında qırmızı, yaşıl rəngdə geyinib-keçindirilmiş üç gəlincik vardı, canlı kimi dayanmışdılar! Hansısa qoca oturub, guya böyük skripka alətində çalırdı, iki başqa kişi də kiçik skripkada ifa edirdilər. Başlarını yelləyir, bir-birinin üzünə baxır, dodaqları tərpənir, nəsə danışırdılar, amma şüşə arxasından eşidilmirdi. Oğlan əvvəl elə bildi, onlar canlıdırlar, sonra başa düşdü ki, oyuncaqlarmış. Birdən güldü. Heç vaxt belə oyuncaqlar görməmişdi, onların olmasından xəbərsizdi! Ağlamaq da istədi, amma oyuncaqlar elə gülməli, elə gülməliydilər ki. Birdən ona elə gəldi, arxadan kimsə xələtindən tutdu: yanında dayanan böyük əzazil oğlan başına qapaz ilişdirdi, papağını yerə saldı, aşağı düşüncə də ayağıyla vurdu. Oğlan yerə diyirləndi, bağırdılar, yerində dondu, hoppanıb qaçdı, qaçdı, birdən özü də bilmədi hara qaçır, yad həyətdə qapının altlığında, odunların arxasında oturdu: – Burda tapmazlar, həm də qaranlıqdır. Oturub aşağı əyildi, qorxudan nəfəs ala bilmirdi və birdən, tamamilə qəfildən onun üçün hər şey çox yaxşı oldu: əl-ayağının ağrısı kəsildi, elə isti, elə isti oldu ki, sobadakı kimi; anidən səksəndi: ah, axı, yuxulamışdı! Burada yatmaq necə yaxşıdır: "Bir az oturub, sonra yenə oyuncaqlara baxmağa gedəcəm, – düşündü və onları xatırlayıb gülümsədi, – elə bil canlıdırlar!" Və birdən eşitdi ki, başının üstündə anası mahnı oxuyur. – Ana, mən yatıram, ah, burda yatmaq necə yaxşıdır! – Gəl, Milad ağacına gedək, oğlan, – sakit səs onun üzərində pıçıldadı. Düşündü ki, bu anasıdır, amma yox, deyildi; bəs çağıran kimdi, görmürdü, ancaq kimsə üstünə əyildi, qaranlıqda qucaqladı, o da əlini uzatdı və... və birdən – bu necə bir işıqdır! Bu necə şam ağacıdır! Şam ağacı da deyil, hələ belələrini görməmişdi! İndi hardadır, hər şey parıldayır, işıq saçır, ətraf bütün oyuncaqlardır, amma yox, bunlar hamısı oğlan və qızlardır, yalnız çox işıqlıdırlar, hamısı ətrafında dövrə vurur, uçur, hamısı onu öpürlər, götürüb özləriylə aparırlar, elə özü də uçur, görür ki, anası da baxır, sevincinə gülümsəyir. – Ana! Ana! Ah, bura necə də yaxşıdır, ana! – oğlan ona səslənir və yenə uşaqlarla öpüşür, onlara tez zamanda şüşə arxasındakı oyuncaqlardan danışmaq istəyirdi, – Siz kimsiniz, oğlanlar? Siz kimsiniz, qızlar? – gülərək, onları sevərək soruşdu. – Bu, Milad ağacıdır, – onlar cavab vedilər. İsanın orda öz şam ağacları olmayan kiçik uşaqlar üçün burda həmişə şam ağacı var... Öyrəndi ki, bu oğlan və qızlar da onun kimidirlər – bəziləri Peterburq məmurlarının qapı pilləkənlərinə atdıqları səbətlərdə donmuşdular, bəziləri tərbiyə evində yedirmə zamanı çuxonlarda boğulmuşdular, başqaları analarının qurumuş sinəsində ölmüşdülər, dördüncülər Samara aclığı zamanı üçüncü sinif vaqonlarda iylənmişdilər... İndi burda, mələklər kimi İsanın yanındadırlar, o da burdadır. İsa əlini uzadır, onlara və günahkar analarına xeyir-dua verirdi... Bu uşaqların anaları da kənarda dayanıb ağlayırdılar; hər biri oğlu, qızını tanıyır, uşaqlarsa onlara tərəf uçur, öpür, göz yaşlarını əlləriylə silib, ağlamamaları üçün yalvarırdılar, çünki onlara burda elə yaxşıdır ki... Aşağıdasa səhər süpürgəçilər odunların arasında donmuş balaca oğlanın cəsədini tapdılar; tezliklə anası da tapıldı... O, daha əvvəl ölmüşdü: hər ikisi göydə Tanrının yanında görüşmüşdülər. Sadə ağıllı-başlı gündəliyə uyğun gəlməyən belə hekayəni niyə yazdım, özü də yazıçı gündəliyinə? Həm də real hadisələr haqqında yazacağıma söz vermişdim! Məsələ də bundadır, mənə elə gəlir, elə görünür ki, bunlar həqiqətən baş verib. Yəni, zirzəmidə, odunlar arxasında olanlar, Milad ağacı ətrafında olanlar – bilmirəm, necə deyim, baş verə bilərdimi, ya yox? Bu səbəbdən də romançıyam, uydurmaq üçün. Fyodor DOSTOYEVSKİ Rus dilindən tərcümə: Ceylan MUMOĞLU
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.