Gönderi

“Ayrılıq” necə yarandı!
Bəzilərinin sevgi, bəzilərinin Cənubi Azərbaycan həsrəti kimi dinlədiyi “Ayrılıq” mahnısı 1957-ci ildə yazılıb. Mahnının sözləri Rəcəb Fərhad İbrahimə, musiqisi Əli Səlimiyə aiddir. Əli Səlimi 1922-ci ildə Bakıda anadan olmuş və ilk təhsilini də burada almışdı. Anası Bakıdan, atası Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. İran təbəələri kimi bu ailə də 1938-ci ildə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duyduğu bu acı daha sonralar nisgilli bir nəğməyə - “Ayrılığ”a çevrildi. Mahnını Rəşid Behbudov, Ququş, Yaqub Zurufçu, Barış Manço, Zeki Müren kimi məşhur müğənnilər ifa edib. “Ayrılıq” o qədər məşhurluq qazanıb ki, bəzən onu xalq mahnısı hesab edirlər. “Ayrılıq” necə yarandı? 1962-ci ilin əvvəllərində İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən sonra Rəşid Behbudovu Bakıdan olan mərhum bəstəkar Əli Səlimi evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni soruşur: - Bu mahnı kimin sözlərinə yazılıb? Əli Səlimi cavab verir: - Fərhad İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim. Rəşid Behbudov bəstəkara irad tutur: - Bəs nəyə görə "Ayrılığ"ı mənə vermirsiniz oxuyum? Əli Səlimi: - Qorxuram “Ayrılığ”ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. “Sizə salam gətirmişəm”i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid Behbudov bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir: - Tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını – “Sizə salam gətirmişəm” və “Ayrılıq” mahnılarını ifa edərək lentə yazdırır. Siyasi “Ayrılıq” Zaqub Zurufçu Təbrizdə anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və “Cücələrim” mahnısı ilə həm Azərbaycanda, həm İranda dillər əzbəri olub. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnılarını ifa edib. Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başladı. 1980-ci ildə İranı tərk etdi. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başladı. Vokal sənəti üzrə diplom alan müğənni daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu almışdır. Yaqub Zurufçunun ürəyi Azərbaycan sevdası ilə döyünürdü, ən böyük arzularından biri Azərbaycana gəlmək idi. 1989-cu ildə Azərbaycanın məşhur müğənnisi Gülağa Məmmədov Almaniyaya gəlir və Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun “Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klipi Gülağa Məmmədov sayəsində Azərbaycan televiziyasında yayımlanır. Azadlıq hərəkatı zamanında “Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir. Gülağa Məmmədovun dəvəti ilə Yaqub Zurufçu illərdir həsrətində olduğu Azərbaycana gəlir. “Ayrılıq” mahnısına ikinci ömür bəxş edən və ona siyasi məna verən Yaqub Zurufçu oldu. O, “Azadlıq” meydanında “Ayrılıq” mahnısını dizi üstə çöküb oxumuşdu. Həmin illərdə “Azadlıq” meydanı xalqın bir araya yığışdığı məkan idi. Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası kimi “Ayrılıq” mahnısı da o vaxtdan Azərbaycanın iki parçasını – Cənubu və Şimalı mənən birləşdirmişdi. Xatırladaq ki, Yaqub Zurufçu “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülmüşdü. 2009-cu ildə sənətkar Azərbaycan vətəndaşlığını da alıb. Mənbə: kulis.az
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.