Gönderi

250 syf.
8/10 puan verdi
"Traduttore traditore! - "Tərcüməçiyə güvən olmaz!" - deyər italyanlar. Haqsız da deyillər! Əsəri başqa dilə çevirməklə tərcüməçi, oxucuyla, əsər və yazıçının arasına girmiş olur. Sanki baxmaq üçün yeni eynək verir. Tərcümə nə qədər dürüst edilərsə edilsin, nə qədər uğurlu alınarsa alınsın, oxucuya yenə də əsərin süzgəcdən keçirilmiş şəklilə təqdim olunur. Mükəmməl tərcümə mümkün deyil, çünki əsərin orijinalının yerini vermir. Tərcümə istər-istəməz əsərin anlayışını məhdudlaşdırır. Amma bu da var ki, əsəri sözün həqiqi mənasında diqqətlə, bütün ciddiyyəti ilə, heç nəyi qaçırmadan oxuyanlar da elə tərcüməçilərdir. Bəzən oxucuların tələm-tələsik, anlar kimi, gündəlik qayğılarının yüklənməsiylə və dünyagörüşlərinə uyğun, çiynəmədən udduğu sözləri, cümlələri tərcüməçi uzun saatlar, günlər sərf edərək nəinki oxuyur, həm də araşdırır, yoğurur, yenidən uyğun gördüyü kəlmələrlə yazır. Müasir Azərbaycan ədəbiyyatını, mədəniyyətini zənginləşdirməkdə tərcümənin rolu vacibdir. Tərcüməçilərin əsas məqsədi, ilk növbədə elə əsərlərin seçilməsi olmalıdır ki, ədəbiyyatımız bundan nəsə qazansın, ədəbiyyatların, mədəniyyətlərin qarşılıqlı təsiri baxımından əhəmiyyət kəsb etsin. Rumıniya yazıçısı Eudjen Ovidiu Çiroviçinin "Güzgülər kitabı" romanını bu kriteriyalar əsasında seçdik. Çiroviçi (Kiroviç) 11 may, 1964-cü ildə Rumıniyanın Feqeraş şəhərində anadan olub. 1988-ci ildə Buxarest İqtisadi Elmləri Akademiyasını bitirib, bir müddət doğma şəhərində iqtisadçı işləyib. Sonra "Milli kuryer" jurnalında maliyyə müxbiri vəzifəsində çalışıb. 1990-cı illərdə rumın radiostansiyaları olan "BBC Rumıniya" və "Radio Azad Avropa"da, 2000-2002-ci illərdə televiziyada işləyib. 2000-ci illərin başlanğıcında Kiroviç əvvəlcə Rumıniyanın baş nazirinin məsləhətçisi, sonra Rumıniya Milli Bankı rəhbərinin məsləhətçisi olub. Üç sahədə - iqtisadiyyat, kommunikasiyalar və tarix - fəxri elmlər doktorudur. Eyni zamanda, Rumıniya Elmlər Akademisyasının (2007-ci ildən) üzvüdür. 2008-2011-ci illərdə bloombiz.ro saytında icmalçı işlədikdən sonra, 2012-ci ildə Böyük Britaniyaya köçdü. Hazırda həyat yoldaşı ilə birlikdə Brüsseldə yaşayır, ancaq rumın vətəndaşlığını saxlayır. E.O. Çiroviçi yazıçılıq karyerasına 1989-cu ildə, rumın jurnalı "Vatra"nın səhifələrində ilk hekayəsini dərc etməklə başlayıb. "Qantökmə" adlı ilk romanı 1991-ci ildə işıq üzü görüb, Rumıniyada dərhal milli bestsellerə çevrilib (100 min nüsxə). Vətənində ikinci sensassiyalı kitab "General üçün Komandos" (Comando pentru general) romanı olub. Cəm olaraq Çiroviçi qeyri-ədəbiyyat janrında bir sıra kitab yazsa da, beynəlxalq səviyyədə ona müfəvvəqiyyət gətirən intellektual trilleri "Güzgülər kitabı" romanı oldu. Psixoloji-detektiv janrında olan bu roman dünyanın 40-a yaxın dilinə tərcümə olunub. Psixoloji-detektiv janrda olan "Güzgülər kitabı" romanının ideyası, yazıçının dediyinə görə, 2013-cü ildə anası ilə söhbəti zamanı yaranıb. Söhbətlərdən birində diqqət edib ki, uşaqlıqda avtoqəza nəticəsində faciəvi şəkildə həlak olmuş rumın futbolçunun dəfn mərasimini xatırlayır. Anası etiraz edib ki, o vaxt çox balaca olduğuna görə, onu qəbiristanlığa aparmamışdılar, amma Eudjen israrla deyib ki, açıq tabutu, mərhumun sinəsindəki topu xatırlayır. Anası razılaşıb ki, həqiqətən, belə olub, ancaq bu təfərrüatlar, yəqin atasının danışdıqlarından yadında qalıb. Əqli qabiliyyətlərin xatirələri dəyişib, əlvan rənglərə boyaması hadisəsinin qəribəliyi roman üçün başlanğıc olub. Romanda oxucunu düşündürən suallardan biri, təxminən, belədir: xatırladıqlarımızın nə qədəri gerçək, nə qədəri uydurmamızdır? Bəlkə təxəyyülümüz obyektiv reallığı, nəsə yalnız ağlımızda olan şeyə çevirmək qabiliyyətinə malikdir? Bəlkə insan şüurlu olaraq yalan danışır, sadəcə ağlı ssenarist və ya resjissor kimi bildiyi şəkildə yazır? İmperator Mark Avrelinin dediyi kimi: "Eşitdiyimiz hər şey - fikirdir, fakt deyil. Gördüyümüz hər şey perspektivdir, həqiqət deyil". Beləliklə, "Güzgülər kitabı" bu cür - Prinstonda 1980-ci ilin sonlarında baş vermiş qətlin süjetinə çevirərək yazılıb. Romanda üç qəhrəman iştirakçısı olduqları hadisələrin təsvirini özlərinə məxsus şəkildə çatdıran təhkiyəçilərdir. Qeyri-müəyyənlik, gözlənilməzlik daşıyan süjet xətti romanda posmodernist ünsürlərin olduğunu göstərir, bu da oxucunu əsər boyunca maraqda saxlamağa səbəb olur. İstənilən müəllif həmişə ona cəhd edir ki, sirlərə bürünmüş hansısa tarix yaratsın, ədəbi formaya salıb əsərini daha cazibədar etsin. Çiroviçi bu missiyanı uğurla yerinə yetirib. Fransız yazıçısı Marsel Prust “Svana doğru” (“İtmiş zamanın sorağında” seriyasının birinci kitabı – red.) əsərində qeyd edib ki, insan keçmiş xatirələrini illər keçdikdən sonra eyni şəkildə xatırlamır. Zehin həmin xatirələri “real keçmiş”dən qoparır və fərqli “öz istədiyimiz” şəkillərə salır. Maraqlıdır, Prustun bu iddiası doğrudursa, oxucular çoxplanlı süjet xəttinə malik “Güzgülər kitabı”nın qəlpələrini bir araya gətirib, onu necə dəyərləndirəcəklər?
Güzgülər Kitabı
Güzgülər KitabıEudjen Ovidiu Çiroviçi · KitabSevərlər · 04 okunma
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.