Səkkizinci Gün Adamların əlləri əkindən-biçindən, dəzgahdan, pambıq yığmaqdan, silahdan-sursatdan ayrılıb əl çalmağı öyrənirdilər. Adamlar əllərinə heç nə götürmürdülər ki, əlləri hazır vəziyyətdə dayansın. Elə kişilər vardı ki, hər gecə ailəsi ilə birlikdə əl çalırdı. Bunu işverən qonşulara görə eləyirdi, fikirləşirdi ki, bəlkə prezidentin qohumlarına çatdıralar, bir iş-güc sahibi olarlar. Çağaya əl çalmaq öyrədirdilər. Körpənin əlindən oyuncağı alırdılar ki, uşaq əl çalmağı yaxşı öyrənə bilsin.
- Mənim balam bir əl çalsın, - analar körpə-lərinə belə deyirdilər. - Ay Allah, bundan beş dənə ver.
O biri arvad:
-Mənim balam bir əl çalsın görüm. - Sonra, - ay Allah, buna qurban olum, əməlli-başlı öyrənib.
Arvadın biri o biri arvada belə deyirdi:
- Ay gəlin, heç sənin körpən əl çala bilir?
- Çalır xalası, yaxşı əl çalır, atası öyrədib, atası yaxşı əl çalandı.
- Bir əl çal görüm) xala baxsın.
Uşaq bəzən əlinə yox, başına əl çalırdı. Tərgidə bilmirdilər. Bu pis əlamət hesab olunurdu. Qara günə işarə idi. Uşaq hərdən oyuncağını götürüb öz başına vururdu. Oyuncağı alan kimi əlləriylə başına döyəcləyirdi. Qonşu arvadları bunu görə bilərdilər. Birdən elə anlayardılar ki, uşaq müxalifətçidi, ona görə uşağı nəzarətdə saxlayırdılar. Uşağa əl çaldırıb, sonra süd, yemək verirdilər. Uşaq yemək vaxtı gələndə başlayırdı əl çalmağa. Əl çalmaq dolanışıq, ruzi-bərəkət, çörək yeriydi. Bu təcrübəni uşaqlıqdan anlamaq lazımdı. Çünki prezidentin qəti göstərişi vardı: "Hamı əl çalmalıdır, əl çalmayan məndən deyil".
Kəramət Böyükçöl