Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbirstanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın arxasında salınmış bu qəbirstanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbirstanlığı idi.
Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülüb-qoparılıb gətirilmiş kubik daşlar bu kiçik qəbirstanlığa elə bir abu-hava verirdi ki, elə bil, bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər.