Andrey Yefimıç dedi:
- İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur.
İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.
- Necə yəni?
- Adi adam yaxşı və ya pis bir şeyi xaricdən, yəni fayton və kabinetdən gözləyir, zəkalı adam isə bunu özündə görür.
- Bu fəlsəfəni təbliğ etmək üçün Yunanıstana getməyiniz məsləhətdir, ora ilıqdır və havası portağal qoxusu verir, bu fəlsəfə buranın iqliminə uyğun gəlməz. Diogen haqqında mən kiminlə danışırdım?
Sizinləmi?
- Bəli, dünən mənimlə danışırdınız.
- Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək!
Amma Rusiyada yaşamaq ona qismət olsaydı, nəinki dekabrda, hətta may ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki...
- Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar. Mark Avreli deyib ki, ağrı - ağrı haqqında canlı bir təsəvvürdür.
Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə - ağrı öz-özünə yox olar. Bu, doğru fikirdir. Filosof və ya, sadəcə olaraq, təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.