Duyğularımıza, düşüncələrimizə və ya xarakteristik özəlliklərimizə nə dərəcədə bağlıyıq?
Bu hekayədə adını bilmədiyimiz qırx yaşlarında olan qəhrəmanımız duyğularını, düşüncələrini, xarakterini bəzən də, yaşadıqlarını gündəliyinə yazır, adını "Yeraltından və ya gizlində qeydlər" qoyur və siz də oxuyursunuz. Qəhrəman özü haqqında o qədər şəffafdır ki, özünü və yaşadıqlarını o qədər yaxşı anlayır ki, o qədər fərqindədir hər şeyin yazdıqlarını hiss etməməyiniz və ya özünüzdə əksini tapmamağınız mümkün deyil. Bu yazıların çox ağıllı birinə ya da tamamilə dəli birinə aid olduğunu anlamaq da bir o qədər çətindir. Sona qədər oxudum amma buna qərar verə bilmədim. Bu xarakterlə çox ortaq özəlliklərimiz var. Bəlkə buna görə də, oxumaq və anlamaq bu qədər çətin idi.
Sadəcə düşünün ki, hər hansısa bir xarakteriniz var və sonuna kimi, nə olur olsun onu qorumağa çalışırsınız. Amma qəbul etmək lazımdır ki, yaşadığımız dünyada və həyatda bu həmişə mümkün olmur. Kimlərəsə və hansısa bir şəraitə görə nələrisə dəyişdirmək məcburiyyətində qalırıq, özümüzdən, duyğularımızdan vaz geçirik, uyğunlaşmağa və ortaq yol tapmağa çalışırıq. Mənim fikrimcə bu çox normal bir haldır. Tamamilə duyğusuz və qayğısız ola bilmərik. Bəzən güzəştə getməyi də bacarmalıyıq.
Diqqətimi çəkən məqamlardan biri də qəhrəmanın başqa insanların düşüncələrini onlarla ünsiyyət qurmadan təxmin etməyə və özünü buna inandırmağa çalışması idi. Gündəlik həyatımızda da tez-tez yanıldığımız bir mövzudur. Özümüzü ifadə etməyi bacarmalı və ən önəmlisi də, qarşı tərəfin özünü ifadə etməsinə icazə verməliyik. Başqa bir halda yaşamağımızı çətinləşdirərik sadəcə.
Hekayədə dialoqlar və ya qarşılıqlı münasibətlər az olduğuna görə oxuyarkən sıxıla bilərsiniz. Amma yenə də təbii ki, oxumağa dəyər yazılar idi.