-Fikir elədikcə, yanıb tökülürsən, heç birinin yeməkdən, içməkdən korluğu yox, inişilin buğdası bu ilə qalır. Ancaq di gəl ki, oxumurlar. Birisi əlinə qəzet götürmür ki, görsün dünyada nə var, nə yox. Bax, bu Kərimin qızı bilir, tapşırmışam, rayona nə kitab gəlsə, əvvəlcə bura göndərirlər. Ancaq nə olsun? Deyirəm, ay zalım uşağı, nə vaxtacan dünyadan bixəbər olub qalacağıq? Oxuyun da!
Nazxanım başını tərpətdi:
-Düzdür, əşi…
-Düzdür, düzdür deyirsən, amma bir dəfə görməmişəm ki, əlinə bir kitabdan zaddan alasan. Heç bilirsən, yerin peyki nə deməkdir?
-Niyə bilmirəm? Sağ olsun hökumətimiz. Düşmənlərin acığına ulduz qayırıb buraxıb göyə.
-“Düşmənlərin acığına, düşmənlərin acığına…” Avamsınız, vəssalam.