Fərid Hüseynli - "37 mm"
Özün düşün, sən ailənin tək övladı olsan, nə edərdin?
Hər zaman demişəm, heç nə kənardan göründüyü kimi deyil. Heç vaxt. Daxilə enib həqiqəti öyrənə bilirsənsə nə gözəl, enə bilmirsənsə, uzaqdan mühakimə etmə.
Bu kitabı əslində çoxdan almışdım, amma oxumaq bu günlərə qismət imiş. Düzünü desəm, mövzunu tam anlamamışdım deyə kitabın ilk 25-30 səhifəsi mənə bir az sıxıcı gəldi. Amma 30-cu səhifədən sonra hekayə birdən-birə möhtəşəm bir sürətlə irəliləməyə başladı. Hətta həmin səhifələrdə öz-özümə "çox maraqlıdır axı" dediyimi xatırlayıram. Bir sözlə hekayənin necə dəyişdiyinə özüm də təəccübləndim.
Kitabın mövzusu üç dostun maraqlı və qeyri-adi bir dostluq hekayəsi üzərində qurulub. Dostlardan biri möhtəşəm rejissorluq istedadına sahib olsa da, müəyyən səbəblərdən arzularını həyata keçirə bilmir. Digəri isə əksinə, inanılmaz rekordlar qıran filmlərin tanınmış rejissorudur. Üçüncü dost isə əlindən gələn köməyi əsirgəməyən biri. Hekayə illərdir heç kimə müsahibə verməyən o uğurlu rejissorun bir gün qəfildən gənc bir qadına müsahibə verməyə qərar verməsi ilə başlayır. Rejissor illərdir içində saxladığı o sirli hekayəni - bu üç dostun başına gələnləri danışmağa başlayır. Oxuduqca həm rejissorluq dünyasına daxil olursunuz, həm də bu dostluğun arxasında gizlənən sirləri öyrənirsiniz.
Məncə "37 mm" həm kinosevərlər, həm də dostluğun qədrini bilənlər üçün ideal kitabdır. Dostların başına gələn hadisələr o qədər səmimi bir dildə qələmə alınıb ki, oxuduqca sanki onlarla birlikdə yaşayırsan. Kitabda hər birimizin həyatında rast gələ biləcəyi anlar - sevgi, itki, qürur, sədaqət və qərəz kimi hisslər çox gözəl işlənib. Və hekayə çox maraqlıdır.
Kitabın ən güclü tərəflərindən biri müəllifin özünəməxsus yazı üslubudur. Fərid H. cümlələri elə ustalıqla