Əsər haqda əvvəla onu qeyd edim ki, dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır. Sözün əsil mənasında fikirlərimi çox qarışdırdı. Bəzi hissələrində dözməyib kitabla danışır, danlayır, bəzi hissələrində az qala tullayacaq qədər əsəblərimə toxunur, bəzi məqamları ilə isə kankret həyat dərsi verər və reallıqlardan bəhs edərmişcəsinə təəssurat buraxdı məndə.
Zaman-zaman Striklend obrazını anlamaqda çətinlik çəkdim. Sənətə tutqu bəzən bəzi insanlar üçün hər şeydən daha üstün ola bilirmiş. Bəs vecsizlik? Adamın bu qədər vecsiz olduğuna inanmırdın başda. Lakin öləndə evini yandırmağı vəsiyət etməsi, yaratdığı gözəllikləri sadəcə özünün görməsi ilə kifayətlənməsi səhv düşündüyümü aşikar etdi. Adam həqiqətən də axtardığını tapdı. Görmək istədiyi gözəlliyi yaratdı. Sonra da hüzurla öldü.
Striklend qeyri adi xarakterə sahib, qəribə bir adam idi. Kitabı oxuduqca niyə bu adama fokuslanırlar, niyə onun həyatını qələmə alırlar deyə düşünürdüm. Striklendi və o obrazı çəkici edən nədir axı deyə sual verirdim özümə. Zənnimcə, onu çəkici edən şey hər kəs kimi olmaması, insanların düşüncələrini vecinə almadan istədiyi kimi yaşaması idi. Toplum tərəfindən alqışlanmayan belə insanlara hər zaman böyük maraq və gizli rəğbət duyulur, çünki onlar toplumu vecinə almamaq kimi bir cəsarətə sahib olublar. Hər kəs belə olmaq istəyir, lakin çox az adam bacarır. Bəlkə də bacarmır. Kim bilir... 🤔️