Yaşamı boyunca ölümü ağlına gətirməyən insan varmı və ya olubmu? İvan İliç belə bir adam idi. Həyatdakı tək amalı yüksəlmək və daha çox çox yüksəlmək olan İvan İliç yüksək rütbəli dövlət işçisi, yəni hakim idi. O, ölümcül xəstəliyə tutulur və o günə qədər uğruna zəhmət çəkdiyi, sərvəti, adı, vəzifəsi—bir sözlə, hər şey ona boş və mənasız görünməyə başlayır.
Ölüm adlı həqiqəti yox sayaraq yaşayan İvan İliç ilk əvvəl ölümü dəhşətlə qarşılayır, dəhşətli ağrılarından daha çox ölmək fikri onu pis vəziyyətə salırdı. Daha sonra İvan İliçi dəhşətə gətirən yaşadığı həyatın böyük bir yalan olması həqiqəti oldu. İ. İliçin ailəsini, yaxın bildiyi dostlarını, iş yoldaşlarını maraqlandıran onun ölümü deyildi. Sanki bu həqiqəti yalnız İvan İliç bilirdi. Ailəsini maraqlandıran geyindikləri paltar, gedəcəkləri dəvətlər, dostlarını və iş yoldaşlarını maraqlandıran isə İvan İliçdən sonra onun yerinə kimin gələcəyi idi. İvan İliç bütün bunları hiss edirdi, başa düşürdü və bu ona ölümdən daha çox əzab verirdi.
Biləndə ki, bu əsəri yazanda Tolstoyun 58 yaşı var idi. Məni bir şey düşündürür: bəlkə, bu qorxu Tolstoyun içindəki ölüm qorxusu idi?
Amma onu dəqiq bilirəm ki, İvan İliç Tolstoy deyil.
Qeyd edim ki, Tolstoy bütün sərvətini kəndlilərə paylayaraq özü də onlar kimi yaşamışdır. Belə bir insanın İvan İliçlə nə kimi oxşarlığı ola bilərdi ki?