Beşcildliyə görkəmli ədibimiz Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilmişdir.
Cildlərdəki janrların hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilmişdir. Hekayələrin və oçerklərin əksəriyyəti vaxtilə əvvəlcə qəzet və jurnallarda dərc edilmiş, sonralar kitablarda çap olunmuşdur. Təbii ki, bu zaman müəllif tərəfindən onların bəzisində az, bəzisində isə çox dəyişikliklər, redaktə xarakterli düzəlişlər aparılmışdır. Hətta bu əsərlər daha sonralar başqa kitablarda təkrar çap edilərkən bəzən müəyyən dərəcədə fərqli olmuşlar. Bəzi əsərlərin adları da dəyişdirilmişdir. Beşcildliyə daxil edilən bütün əsərlərin son variantı əsas götürülmüşdür.
Hekayə Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənmişdir. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilmişdir. Bütün bunlar ədibin əsərlə rinin nəzərdə tutulmuş akademik nəşri üçündə kifayət qədər əsaslı zəmin ola bilər.