- Ata, güllü bir corab al,
heç nə daha istəmirəm.
Sən tülkülü bir kitab al,
heç nə daha istəmirəm.
Bir plaş al, iki bayraq,
bir qara zont, bir ağ papaq...
heç nə daha istəmirəm.
Sənin göz yaşınla,
sənin gülüşün
hərəsi dünyanın bir çalarıydı.
Biri — kölgəsiydi, biri — günəşi,
kölgədə üşüyüb, gündə yanırdım.
Göz yaşı — bir qadın çağırışıydı,
kişiləri kişiliyə çağırış.
Gülüşün— bir qəlbin yaz yağışıydı,
yaşamaq eşqiydi bəlkə bu yağış?!
Dilində şikayət, amma gülürdün,
necə qərar tutub od buz içində?!
Köhnə divar kimi hey sökülürdün,
daş bina kimiydin sən toz içində.
Dünya şirin idi, acı deyildi,
acılar, şirinlər necə təzəydi!
Göz gözün sirrini açıb deyirdi, —
biri o birinin xəbərçisiydi.
Bilmədim, bu yaşda nəydi günahım,
qarşımda bu gülüş, göz yaşı nəydi?
Pənah gətirmişdin, mənə,
pənahım!-
Bəlkə bu taleyin son töhfəsiydi...
Bəstəkar: Emin Sabitoğlu
Mənə üfüq boyda geniş səmanı,
göydə buludları, yerdə dumanı,
dənizdə dalğanı sən bağışladın,
bu hüsnü-mənanı sən bağışladın.
Uzanan yolların dümağ sətrini,
dünyanın ən gözəl çəmən ətrini
qumlu sahillərdə sən bağışladın,
o zərif əllərdə sən bağışladın.
De, nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm.
Onu da, bunu da sən bağışladın,
dünyanı dünyada sən bağışladın.
1978
Bu dünya nərdivandı,-
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc,nə o taqət.
O da enə bilməzdi,-
Haqlı,haqsız
Vermişdi,öz hökmünü təbiət,
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...
Bu dəfə bilmirəm nə olub sənə,
gedibsən, qayıtmaq yadından çıxıb.
Sən məni bu qədər gözlətməmişdin,
belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın-paltarın,
tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
təzə pərdələri yandırıbdı gün.
Sənin bişirdiyin o mürəbbələr
içilib qurtarıb, hardasan özün?