Mənim çox sevdiyim seriyanın növbəti kitabı Ömər Faiq Nemanzadənin "Xatirələrim" kitabıdır. Ömər Faiq Nemanzadə dövrünün elm fədailərindən biri olmuşdur. Getdiyi şəhər və rayonlarda, kəndlərdə təhsil ocaqlarının açılmasında, şagirdlərin məktəblərə cəlb olunması, onları oxumağa həvəsləndirməkdə böyük rolu olmuş şəxsdir. Baxmayaraq ki, dövrün tələbi şəriət dərslərinin keçirilməsi, dərk etmədən Quranı, İslamı mənimsəmək idi, Ömər Faiq Nemanzadə bu maneələri aşaraq şagirdlərə tarix, coğrafiya, hesab kimi fənlərin tədris olunmasını təklif edib və dərs proqramına əlavə etmişdir.
Düşünürəm ki, Ömər Faiq Nemanzadənin xatirələri həm də ona görə əhəmiyyətlidir ki, şəxsən şahidi olduğu erməni-müsəlman davasının başlanğıcını, səbəbləri, hətta ara qarışdıran "şeytanları" ifşa edərək öz gündəliyində qeyd edib.
Əslində ən çox Molla Nəsrəddin jurnalı dövrünü onun dilindən oxumaq istərdim. Lakin sonralar, hətta deyərdim Molla Nəsrəddin jurnalı nəşr olunmağa başlayandan sonra o daha gündəliyinə qeydlərini yazmamışdır.