Utnapişti söz açıb Bilqamısa söyləyir:
"Bilqamıs, eşit, sənə sehrli söz deyəcəm,
Tanrıların sirrini sənə agah edəcəm.
Fəratın sahilində əbədi məskən salan,
Şürüppak şəhərini sən yaxşı tanıyarsan.
Həmin qədim şəhərə tanrılar yaxındırlar,
Tufan istədi könlü, ürəkləri onların
İstədilər ki, qopsun tufanı tanrıların
Onların ataları Anu da ora gəlib,
O qəhrəman Ellil də onlara məsləhətçi.
Çaparları Ninurta, mirabları Ennugi
Gəlib yığışmışdılar, məşvərət etmişdilər,
Səma gözlü Eya da onlarla and içmişdi.
Lakin Eya sirləri danışmışdı daxmaya,
"Ey daxma, daxma, daxma! Eh divar, divar, divar!
Eşit, a daxma! Divar, yadda saxla nə ki var.
Şuruppak şəhərində, Ubar-Tutunun oğlu!
Sökərək mülklərini, onlardan gəmi düzəlt
Bu var-dövləti tərk et, həyat barədə düşün!
Zənginliyə nifrət et, ruhunu xilas elə.
Sən bütün canlıları yığıb gəminə yüklə.