Başımız üstündə həmişə yumruq,
Halal adımızı deməyə qorxduq.
Damğa da vuruldu hələ bu ada,
Dandıq qorxumuzdan öz babamızı.
Kifayət deyilmiş bu da cəllada,
Dəyişdi minillik əlifbamızı.
Yenə soyumadı cəlladın kini,
O elə düşündü, elə bildi ki,
Latına keçməklə biz yeniləşdik.
O, buna dözmədi... on il keçməmiş
Cəlladın əmrilə Kirilə keçdik.
Beləcə, qaraldı mənliyin şamı,
Bulandı dilimin büllur çeşməsi.
Bir deyən olmadı, əlifbadamı
Qocaman millətin yeniləşməsi?!
Əgər belədirsə, ədalət hanı?
Niyə dəyişmədin öz əlifbanı?
Sənin sadiq qulun, - mənim soydaşım,
O, yerli rəhbərim, cahil kütbaşım,
Susdu, danışmadı, yumdu ağzını.
Çünki o görmədi, görə bilməzdi
Sənin məqsədinin əsl məğzini.
Sən qanıb, düşünüb keçdin bu qəsdə,
O gün dünənimdən intiqam aldın.
Mənim min-minillik tarixim üstdə
"Şalako"oynadın, məndən kam aldın.
Bir qənim kəsildin mənə o ki var,
Minillik ruhumun tutdun yasını.
On ildə neçə yol dəyişmək olar,
Bir xalqın minillik əlifbasını?