Qədim Yunan ədəbiyyatının oxuduğum ilk kitabı.
Sokratın dahi şəxsiyyət olduğunu hamımız bilirik. Düşüncələri, özünə xas fəlsəfəsi indinin özündə belə öz aktuallığını qoruyur ki, kitabı oxuduqda bunu aydınca görürük. Platonun fəlsəfəsi ilə çox tanış deyiləm, amma yazıçılıq qabiliyyəti dövrünə görə pis deyil. Kitabın özünə gəlsək, kitab Sokratın son günlərində baş verən hadisələri, daha doğrusu, danışıqları əks etdirir. Kitabı oxuduqca baş verən hadisələr çox arxa fonda qalır, Sokrat ətrafında baş verən hadisələrə baxmayaraq, fəlsəfə ilə məşğuldur. Kitab daha çox fəlsəfi traktata bənzəyir. Kitabın dili bir az çətindir (fəlsəfə kitablarını oxumaq heç vaxt asan olmur), Sokratın bir çox danışıqlarına başa düşmək üçün bir neçə dəfə oxumaq lazım gəlir. Düzdür, haradan baxsaq, bu hadisələr gerçəkdir, amma Sokratın hər anını fəlsəfə ilə məşğul olması inandırıcı gəlmir, yəqin, Platon bu kitabda bacardıqca Sokratın fikirlərini əks etdirib. Təbii ki, bu kitabı Sokrat yazmayıb, ona görə bu fikirlərin kimə aid olduğunu tam deyə bilmərik. Bir çox kitablarda yazıçı əsərinə fikri gizlədir, onu bizim tapmağımızı istəyir. Amma bu kitabda Sokrat hər fikrini izah edir, buna görə də həyat haqqında dünyagörüşümüz xeyli artır. Mütləq oxunulmalı əsərlərdən biridir, fəlsəfə və qeyri-bədii ədəbiyyata giriş üçün mükəmməl əsərdir. (7 verməyimin səbəbi kitabın həddən artıq çətin yazılması idi, tərcümədə qəliz fikirlər cümlənin azca açılması ilə sadələşdirilə bilərdi.)
Bir az spoilerli hissə
Əsər Sokratla Evtifronun məhkəmədən əvvəlki görüşü ilə başlayır. Burada Sokrat Evtifronun məhkəməyə gəliş səbəbini öyrəndikdən sonra onunla birlikdə möminlik, insan-tanrı əlaqəsi haqqında öz fikirlərini söyləyir. Əsər eradan əvvəl yazılsa da, insan-tanrı arasındakı əlaqə indiki dövrümüzlə çox əlaqədardır.