Onun yadına düşdü ki, əllərini bu parlaq, ucsuz-bucaqsız maviliya uzadıb ağlayırdı. Bütün bunlara qarşı büsbütün yabançı olması onun varlığını sarsıdırdı. Bitib-tükənmək bilməyən, onu çoxdan, həmişə, lap uşaqlıqdan cəlb edən və onun heç cür qovuşa bilmədiyi bu şənlik məclisi nə cür şeydir, nədir bu daimi böyük bayram şənliyi, hər səhər eynilə bu cür parlaq günəş doğur; hər səhər şəlalədə göy qurşağı əmələ gəlir; hər axşam orada uzaqlarda, üfüqlərdə ən uca, başıqarlı dağlar al-qırmızı alovlar içərisində alışıb-yanır. Hər bir "xırda böcək, onun yanında, isti günəş şüasında vızıl dayan balaca böcək bu şənliyin iştirakçısıdır; öz yerini tanıyır, onu sevir və özünü xoşbəxt hesab edir"; hər bir ot cücərir və xoşbəxtdir! Hamısının da öz yolu var, hər şey öz yolunu tanıyır, nəğmə ilə çəkilib, nəğmə ilə gəlir; təkcə o heç bir şey bilmir, hər şeyə yad və atılmış məxluqdur, heyhat, o, əlbəttə, o zaman bu cür danışaraq öz sualını irəli sürə bilmirdi.
hər bir dahiyanə yaxud yeni bəşəri fikirdə, ya da, sadəcə olaraq, hətta hər hansı bir şəxsin başında yaranan hər bir ciddi bəşəri fikirdə həmişə nə isə elə bir şey qalır ki, siz bütöv cildlər də yazaraq öz fikrinizi otuz beş il müddətində şərh etmiş olsanız da, bunu başqa adamlara çatdırmaq heç cür mümkün deyildir. Həmişə elə bir şey qalacaq ki, o, sizin qafa tasınızın altından qətiyyən çıxmaq istəməyəcəkdir; əbədi olaraq öz başınızda qalacaqdır. Bəlkə də, öz ideyanızın ən əsas cəhətini heç kəsə verə bilməyib elə bu cür də öləcəksiniz.
Onlardan soruşun, bir soruşun görək onların hamısı, bir nəfərə qədər hamısı xoşbəxtliyi necə başa düşür, xoşbəxtlik nədən ibarətdir? Siz əmin olun ki, Kolumb Amerikanı kəşf edəndə deyil, onu kəşf etməkdə olduğu vaxt özünü xoşbəxt hesab edirdi, əmin olun ki, onun xoşbəxtliyinin ən yüksək nöqtəsi, bəlkə də, Yeni Dünyanı kəşf etməsindən tam üç gün əvvəl olmuşdur, o zaman ki, qiyam edən ekipaj ümidini itirərək gəmini az qala geri, Avropaya qaytarmaq istəyirdi! Burada məsələ Yeni Dünyada deyil, alt-üst olaydı o dünyanı. Kolumb, demək olar, onu görməmiş öldü işin əslində, nə kəşf etmiş olduğunu da bilmirdi! Məsələ həyatdadır, yalnız həyatda heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir!