..bu da həqiqətdir ki, bugünkü vəziyyətimdə qalmaq istəmirəm. Tamamilə başqa bir həyat, daha abırlı və daha mənalı bir həyat istəyirəm. Kim bilir, bəlkə də belə bir həyata nail olmaq mümkündür... Lakin içimdə elə bir şeytan var ki... o, məni istəmədiyim hərəkətlərə vadar edir. Onun pəncəsindən xilas ola bilmirəm, mümkün olmur... Təkcə mən yox, hamımız o şeytanın əlində oyuncağıq.
– Siz də buradasınız?... – deyə suala sualla cavab verib əlavə etdi: – Çox mənasız sualdır, deyilmi? Burada olduğunuzu görürüksə, bu nə sualdır?... Bu ancaq türk dilinə məxsus bir mənasızlıqdır... Dünyanın heç bir dilində buna bənzər bir qabiliyyət yoxdur... Saatlarla danışıb heç nə ifadə etməmək qabiliyyəti.
..həyatda uğrunda qurban gediləsi heç bir şey yoxdur. Hər şey yaşamağa, daha doğrusu, bizim yaşamağımıza kömək etməlidir. Sən isə o boş başındakı ölüm adlı yoxluğa o qədər aludə olmusan ki, uğrunda qurban gediləsi bir şey axtarır və özün də əməlli-başlı bir boşluğa yuvarlanırsan, halbuki yaşamaq, hamıdan yaxşı, hamıdan daha yaxşı yaşamaq, insanlara hakim olmaq, həm güclü, həm də, görünür, bir az da qəddar olmaq, yaşamaq lazımdır... Dünyada bundan savayı nə arzulamaq olar? Həyatını bu məqsədə həsr etsən, o vaxt görəcəksən ki, birdən-birə daxilən zənginləşdin, yüksəklərə qalxdın.
Təsadüflərin əlində bir oyuncaq olduqdan sonra qəlbimizi coşduran hisslər, beynimizdə baş qaldıran fikirlər nəyə lazımmış? Yaşayışımıza və ətrafımızdakılara yeni forma verib onları dəyişmək arzusu ilə mübarizə aparmaqdansa, həyatımızı və mühitimizi olduğu kimi qəbul etmək daha rahat, daha ağlabatan iş deyilmi?