Beşikdən qəbrə, bazar ertəsindən bazar gününə, səhərdən axşama qədər bütün hərəkətlər proqramlaşdırılmış və müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Müasir kütləvi istehsalatda malların standartlaşdırılması tələb olunduğu kimi, müasir inkişafda da insanların standartlaşması tələb olunur və bu unifikasiya "bərabərlik" adlanır.
Müasir cəmiyyət bir-birindən fərqlənməyən insan "atomlarına" ehtiyac duyduğu üçün individuallıqsız bərabərlik idealını təbliğ edir. Bütün bunlar onların cəm şəkildə fəaliyyət göstərməsinə yönəlmiş müqavimətsiz vahid bir mexanizmdir; burada əsas məqsəd hamının öz şəxsi istəklərinə uyduqlarını zənn etmələrini qorumaqla, eyni əmrlərə tabe olmalarını təmin etməkdir.
Cinslərin ziddiyyəti yox olduqca, paralel olaraq, bu ziddiyyətə əsaslanan erotik sevgi də yox olur. Kişi və qadın bir-birinə əks olan qütblər kimi bərabərləşmək əvəzinə, bir-birilə eyniləşdirildi.
Bərabərlik artıq "vəhdət” deyil, daha doğrusu "uyğunlaşma" deməkdir. Buna eyni işi icra edən, eyni cür əylənən, eyni qəzetləri oxuyan, eyni cür hiss edən, eyni tərzdə düşünən insanların birgə yaşayışı demək olar.