Əldə etdiyim məlumatlara görə bu kitab çap olunduğu dönəmlərdə oxuculara necə təsir edibsə, insanlar Werther kimi geyinməyə başlayıb və ölkədəki intihar sayı gözlə görüləcək dərəcədə artıb. Elə sırf bu məlumat kitabı oxumağa vadar etdi məni.
Bilinmeyen Bir Kadının Mektubu kitabı ilə bənzərlik təşkil edir. Sadəcə aşiq obrazımızın cinsiyyəti fərqlidir. Oxşarlıq təşkil etsə də, Bilinmeyen Bir Kadının Mektubu dan fərqli olaraq cümlə quruluşlarını və nəsr etmə tərzini bəyənmədim. Açığı sıxılaraq oxudum, sadəcə sonlarda bir qədər həvəsləndim. Halbuki, Stefan Zweigin kitabını necə də həvəslə, hisslərə qapılaraq oxumuşdum.
Əlbəttə kitab dünyasında özünü təsdiq etmiş və oxucular tərəfindən əksərən bəyənilən bu kitabı sevə bilmədimsə, yəqin ki ya nəyisə düzgün etmədim ya da mənə xitab edən bir klassika olmadı.
(SPOİLER) Sondakı intiharla bitən sonluq isə əksinə hiddətimə səbəb oldu. Sənə həyatı, uğruna sonlandırdığın insanmı verib? Ya bu həyatdakı məqsədin sadəcə sevdiyin qadına sahib olmaqmıdır ki, əldə edə bilməyəndə həyatın bitmiş kimi özünü öldürəsən. Yazıçımız həyatdakı dostunun intiharından və sevdiyi qadına duyduğu eşqdən ilhamlanıb yazıbmış bu kitabı, amma fikrimcə düzgün və sağlam bir təbliğ olmayıb. Zatən mənə görə heç kəs kimisə( ailə istisna) intihar edəcək, özünü fəda edəcək qədər sevə bilməz. Sadəcə sağlam düşüncəsi olmayan insanlara xas bir cəhətdir bu. Yəqin ki, bu fikrimi qınayanlar olacaq, bu başdan deyim ki, hər kəsə hörmət edirəm amma hər kəsə də qatılmıram.
Bu arada qadın obrazımızın evli olduğu şəxs varkən başqasına "könül" verib ikili oynamasına da təəccüblənmədim. Çünki yazıçımız öz şəxsi həyatında 70 yaşlarında 19 yaşlı bir qıza evlilik təklif etmiş biridi. Ola bilsin ki, yaşadığı cəmiyyət üçün normal qarşılanacaq məsələləri yazıb çox rahat şəkildə.
Oxuyanlara təşəkkürlər