Nüsrət Kəsəmənli
ÖMÜRDƏN BİR GÜN DƏ...
Ömürdən bir gün də keçdi, beləcə,
Yarı yuxuludur,
Yarı oyaqdır,
Duyğular qoynunda ötən bu gecə
Kiminsə ömrünə qayıdacaqdır.
Ömürdən bir gün də keçdi beləca;
Bir gün də gecədə pul kimi itdi,
Peşiman bir gözəl qayıtsın necə,
Özünü bir qəlbdə öldürüb getdi...
Ömürdən bir gün də keçdi beləcə;
Dumanlar içində yuxudu bəlkə,
Kimsə bu günümə bəlkə güləcək,
Kimsə yazdığımı oxudu bəlkə...
Ömürdən bir gün də keçdi beləcə;
Getdi...
bir ümidə güman azaldı.
Bir xəstə bildi ki, mütləq öləcək,
Deməli, möcüzə uman azaldı.
Ömürdən bir gün də keçdi beləcə;
Qəbristan youna təzə iz düşdü.
Bir ana bətninin qaranliğından
Çarpayı üstunə bir gündüz düşdü.
Ömürdən bir gün de keçdi beləcə;
Yaş bir balıq kimi sürüşür günlər,
Axan ulduzlarla ağlayır gecə,
Doğan günəşiylə gülüşür günlər.
Ömürdən bir gün də keçdi beləcə;
Bir kəl buynuzuna görən nə doldu?!
Birini sükanda haqladı əcəl,
Bir bağa çanağı külqabı oldu.Ömürdən bir gün də keçdi beləcə;
Ömür kitabında vərəqlər ağdı.
Qapqara kölgəmdən bezib bu küçə,
Kölgəmi səkilər aparacaqdı...
Ömürdən bir gün də keçdi beləcə;
Səhəri günəşli,
Axşamı qürub.
Ömürdən bir gün də keçdi beləcə;
Görəsən qarşıda hansı gün durub?!

Nüsrət Kəsəmənli
ALIN BU KƏDƏRİN ƏLİNDƏN MƏNİ...
Gəlmişəm dünyaya alışam, yanam,
Bir ünvan arayıb əbədi qalam,
Məni kədər üçün doğmayıb anam,
Alın bu kədərin əlindən məni.
Hicran ağır yükdür, qaldırammıram,
Dərdim dil bilməyir, qandırammıram,
Sönmüş çıraqları yandırammıram,
Alın bu kadərin əlindən məni.
Bir vida nəğməsi yazıb qalmışam,
Adımı bir qəlbdən pozub qalmışam,
Kədərin içində azıb qalmışaın,
Alın bu kədərin əlindən məni.
Hara gedirəmsə qaranlıq baxır,
Bu qara buludlar, axır, hey axır...
Hara qaçıramsa qarşıma çıxır,
Alın bu kədərin əlindən məni.
Bir iynə ulduzu işığa möhtac,
Qaranlıq qismətim,
işıq- ehtiyac!
Məndən doymaq bilmir
o gözləri aç,
- Alın bu kədərin əlindən məni.
Bir ümid yoxdur ki, onəlli tutam,
Yuxum da gəlmir ki, doyunca yatam,
Hardasan, ay anam,
Hardasan, atam!
- Alın bu kədərin əlindən məni.
Laldı bu kədərim ağlamır, gülmür,
Dərd verir, verdiyi dərd nədi bilmir,
Niyə gecələrin səhəri gəlmir?! –
Alın bu kədərin əlindən məni...

Nüsrət Kəsəmənli
ALLAHA TƏRƏF...

Əlimdə ölüm bileti
Gəlirəm Allaha tərəf.
Özü verdiyi qisməti
Bölürəm Allaha tərəf

Uduzub can savaşını,
Atıb inadın daşını,
Silib gözümün yaşını,
Gülürəm Allaha tərəf.

Ömür aldım sələminə,
Barışmışam qəmim ilə,
Çox günahı əlim ilə
Silirəm Allaha tərəf.

Ürəyim qəm yuvasıdı.
Qəm sevinci qovasıdı.
Bu da bir can qovğasıdı,
Bilirəm Allaha tərəf.

Hər gələn dərd satır gedir,
Bəxt mürgülü yatır gedir,
Namərd güllə atır gedir,
Sinirəm Allaha tərəf.

Zaman bir dəli burulğan,
Millətdən gedir qınları,
Hələ ki, susub dururam,
Dinirəm Ailaha tərəf.

Yolunan diri yolunur,
Yolmağa səbəb bulunur,
Haqqım əlimdən alınır,
Dönürəm Allaha tərəf.

Omür durularaq axır,
Gedəcəyəm əvvəl-axır,
Tanrım üzümə xoş baxır,
Ölürəm Allaha tərəf.

İyun, 1996

Nüsrət Kəsəmənli
ALLAHDAN İSTƏYİM...

Diz çöküb qarşında dua edirəm,
Ucalardan uca bilirəm səni,
Saxla Öz yanında ruhumu,
Allah, Bir də bu dünyaya gətirmə məni.


Sirli röyalarım dağılacaqsa,
Arzum gözlərimdə boğulacaqsa,
Əzabım mənimlə doğulacaqsa,
Bir də bu dünyaya gətirmə məni.


Namərdi mərdindən çox olacaqsa,
Alim ac, gədalar tox olacaqsa.
Yaranmışlar bir gün yox olacaqsa,
Bir də bu dünyaya gətirmə məni.


Bu dünya zövq-səfa verməsə əgər,
Hər dərdə bir şəfa verməsə əgər,
Əzrayıl istefa verməsə əgər
Bir də bu dünyaya gətirmə məni.


Bu yalan dünyanın tərs aynası var,
Sevincə bənzəyən çox bəlası var.
Təkrar görməyimin nə mənası var?
Bir də bu dünyaya gətirmə məni.


Gördüm bu dünyanı - quru qəfəsdir,
Bizlərə verdiyin ibrətli dərsdir,
Bir dəfə peşiman olmuşam, bəsdir! –
Bir də bu dünyaya gətirmə məni...


Diz çöküb qarşında dua edirəm,
Ucalardan uca bilirəm səni,
Saxla öz yanında ruhumu,
Allah, Bir də bu dünyaya gətirmə məni.

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

Nüsrət Kəsəmənli