— Bəzən düşünürəm, Zaur — dedi. — Birdən, doğrudan da, bütün bu sən demiş cəfəngiyat düz oldu, necə deyərlər, çin çıxdı. Günü sabah azarladım öldüm, təyyarədə, ya maşında qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə
bilər... Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım gəlir, az qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm, kim mənimçün yanacaq?
İndi bütün o fikirlər necə də gülməli gəlir mənə, məhəbbət-filan, sənsiz yaşaya bilmirəm, getmə gözümdən, gedərəm özümdən. Nə sevgi, nə filan, əşi?! İstək var, ehtiras
var, arzu-kamına çatmaq intizarı var, bir də istədiyinə nail olandan sonra doyğunluq, bezginlik, biganəlik var, vəssalam. Qalan hamısı sözdür, havayı söhbətlərdir.
Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...